"İnsanlar brendin adından çox rəngini xatırlayırlar"
Brendinq və marketinq strategiyalarında rəng seçimi istehlakçı davranışına təsir edən mühüm amillərdən biri hesab olunur. Rənglər brendin tanınmasına, emosional bağın formalaşmasına və satınalma qərarlarına müxtəlif səviyyələrdə təsir göstərə bilir.
Bəs rənglərin marketinqdə rolu nədən ibarətdir?
Marketoloq Samir Mehdiyev Valyuta.az-a bildirib ki, rənglər marketinqdə sadəcə vizual bəzək deyil, insan şüuraltısına birbaşa təsir edən güclü ünsiyyət vasitəsidir:
“Beyin vizual məlumatı mətndən daha sürətli qəbul etdiyi üçün müştərinin brend haqqında formalaşdırdığı ilk təəssüratın böyük hissəsi məhz rənglərə əsaslanır. Brendlər rəng seçərkən ilk növbədə hədəf auditoriyasının yaşını və cinsini nəzərə almalıdır. Eyni zamanda, təqdim olunan məhsulun və ya xidmətin xarakteri də böyük rol oynayır. Məsələn, banklar və texnologiya şirkətləri etibar və təhlükəsizlik hissi yaratmaq üçün mavi tonlara üstünlük verdiyi halda, qida və əyləncə sektoru dinamika və iştah yaratmaq məqsədilə qırmızı və narıncı tonlardan istifadə edir. Lüks brendlər eksklüzivlik yaratmaq üçün qara və qızılı tonları seçir, ekoloji və sağlamlıq məhsulları isə təbiiliyi simvolizə edən yaşıl tona üstünlük verir. Mədəniyyət amilini və rəqiblərin rəng palitrasını da unutmaq olmaz. Çünki bazarda fərqlənmək üçün rəqiblərdən vizual baxımdan seçilmək lazımdır”.
“Düzgün rəng strategiyası biznesin nəticələrinə birbaşa təsir edir. E-ticarətdə düymələrin və təkliflərin doğru rənglə vurğulanması satış konversiyasını əhəmiyyətli dərəcədə artırır. Məhsulun və ya xidmətin mahiyyətinə uyğun rəng seçildikdə müştəridə şüuraltı inam formalaşır. Ən əsası isə rənglərin bütün kommunikasiya kanallarında ardıcıl istifadəsi brendin yadda qalmasını dəfələrlə gücləndirir. İnsanlar çox vaxt brendin adını unutsalar da, onun rəngini və vizual kimliyini xatırlayırlar. Marketinqdə rəng sadəcə estetika deyil, strateji satış alətidir. Düzgün seçilmiş rəng müştəriyə heç bir söz demədən brendin dəyərlərini ötürür, güvən yaradır və qərarvermə prosesini sürətləndirir”, – deyə S. Mehdiyev qeyd edib.


