İnsanlar vaxtlarına qənaət etmək üçün daha çox xərcləməyə hazırdırlar
2026-cı ildə uğurlu biznes qurmaq istəyən sahibkarlar üçün əsas tövsiyə yeni ideya axtarmaq deyil, insanların real problemlərinə həll tapmaqdır. Ekspertlər hesab edirlər ki, bazarda ən çox gəlir gətirən bizneslər məhz gündəlik çətinlikləri aradan qaldıran layihələrdir.
PrometAI platformasının təhlilinə görə, bu il yüksək gəlir potensialına malik bizneslərin böyük hissəsi 5 əsas istiqamətdə cəmləşir: gündəlik həyatı asanlaşdıran xidmətlər, sağlamlıq texnologiyaları, maliyyə texnologiyaları (fintech), ekoloji həllər və bizneslərin avtomatlaşdırılması üçün proqram təminatları.
Araşdırmada qeyd olunur ki, insanlar vaxtlarına qənaət etmək üçün getdikcə daha çox vəsait xərcləməyə hazırdırlar. Bu səbəbdən çatdırılma xidmətləri, məişət işlərini sadələşdirən həllər və gündəlik prosesləri optimallaşdıran rəqəmsal platformalar yüksək gəlir vəd edən sahələr sırasında göstərilir.
Sağlamlıq və rifah texnologiyaları da sürətlə böyüyən istiqamətlərdən biridir. Onlayn tibbi xidmətlər, psixoloji dəstək tətbiqləri və sağlam həyat tərzini təşviq edən texnologiyalara maraq artmaqda davam edir.
Mütəxəssislər maliyyə texnologiyalarını da ən perspektivli sahələrdən biri hesab edirlər. Rəqəmsal ödəniş sistemləri, şəxsi maliyyə idarəetmə tətbiqləri və digər fintech həlləri həm investorların, həm də istifadəçilərin diqqət mərkəzindədir.
Bundan başqa, ekoloji problemlərin həllinə yönəlmiş bizneslər və süni intellekt əsaslı avtomatlaşdırma proqramları da 2026-cı ilin ən perspektivli istiqamətləri sırasında yer alır.
Araşdırma müəllifləri vurğulayırlar ki, uğurlu biznes qurmağın əsas yolu sahibkarın hansı sahəni sevməsindən daha çox, bazarda hansı problemin həll olunmasına ehtiyac olduğunu müəyyənləşdirməsindən keçir. Onların fikrincə, insanlar üçün real dəyər yaradan bizneslər daha sürətli böyüyür və uzunmüddətli uğur qazanır.
Valyuta.az


