İnstitusional əməkdaşlıq mexanizmləri gücləndirilib - AQC sədri MÜHÜM AÇIQLAMALAR VERDİ
Müasir iqtisadi sistemlərdə qiymətləndirmə fəaliyyəti yalnız texniki və yardımçı mexanizm deyil, mülkiyyət hüquqlarının qorunması, investisiya qərarlarının əsaslandırılması, maliyyə bazarlarının sabitliyi və iqtisadi şəffaflığın təmin edilməsi baxımından strateji əhəmiyyət daşıyan mühüm iqtisadi institutdur. Azərbaycanda bu sahənin sistemli və institusional şəkildə formalaşması isə birbaşa olaraq Prezident İlham Əliyevin rəhbərliyi dövründə həyata keçirilən ardıcıl iqtisadi və hüquqi islahatların tərkib hissəsidir. Dövlətimizin başçısının həyata keçirdiyi islahatlar çərçivəsində iqtisadiyyatın bütün əsas sütunları, mülkiyyət münasibətləri, maliyyə bazarları, investisiya mühiti və özəl sektorun inkişafı vahid strateji yanaşma ilə tənzimlənib. Bu kontekstdə qiymətləndirmə fəaliyyətinin də sistemləşdirilməmiş normativ yanaşmalardan çıxarılaraq müstəqil iqtisadi institut kimi formalaşdırılmasına başlanılıb.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (TDQBŞ) prezidenti Vüqar Oruc deyib.
O qeyd edib ki, əvvəlki dövrlərdə qiymətləndirmə sahəsində vahid hüquqi çərçivənin olmaması, eyni obyekt üzrə fərqli qiymətlərin formalaşması, bank sektorunda girov risklərinin artması və bazar iştirakçıları arasında etimad problemləri müşahidə olunurdu. Məhz bu reallıqlar Prezident İlham Əliyevin rəhbərliyi ilə qiymətləndirmə fəaliyyətinin hüquqi əsaslarının köklü şəkildə yenidən qurulmasını zəruri edib.
Bu istiqamətdə atılan ən mühüm addımlardan biri 2023-cü il dekabrın 8-də “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunun qəbul edilməsi və Prezident İlham Əliyev tərəfindən 2023-cü il dekabrın 30-da təsdiqlənməsi olub. Sözügedən qanun qiymətləndirmə fəaliyyətini ilk dəfə olaraq müstəqil iqtisadi institut kimi tanıyıb, qiymətləndiricilərin hüquq və vəzifələrini, qiymətləndirmə fəaliyyəti istiqamətlərini və peşə riskinin məsuliyyəti mexanizmlərini sistemli şəkildə müəyyənləşdirib. Qanunun mühüm cəhətlərindən biri onun yalnız daşınmaz və daşınar əmlakla məhdudlaşmamasıdır. Qanun biznesin, qeyri-maddi aktivlərin, qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının habelə tələblərin və hüquqların), debitor və kreditor borcların, risklərin və zərərlərin qiymətləndirilməsini də hüquqi çərçivəyə salmaqla qiymətləndirməni real iqtisadi qərarların ayrılmaz hissəsinə çevirib.
“Prezident İlham Əliyevin təsdiqlədiyi mühüm dəyişikliklərdən biri də bələdiyyə mülkiyyətində olan torpaqların qiymətləndirilməsi ilə bağlıdır. Dəyişikliklərə əsasən, fərdi yaşayış evinin tikintisi üçün bilavasitə satılan bələdiyyə torpaqlarının qiymətləri, habelə hərraca və ya müsabiqəyə çıxarılan torpaqların ilkin qiyməti normativ qiymətdən az olmamaq şərtilə bazar məzənnələri nəzərə alınmaqla və yalnız “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanuna uyğun olaraq qiymətləndirici tərəfindən müəyyən edilir. Bu yanaşma torpaq münasibətlərində şəffaflığı, bazar prinsiplərini və peşəkar qiymətləndirməni əsas meyar kimi təsbit edib. Həmçinin notariat əməliyyatları zamanı əmlakın dəyəri artıq qeyri-rəsmi rəy əsasında deyil, yalnız peşəkar qiymətləndirici tərəfindən müəyyən olunur. Bu yanaşma mülki dövriyyədə hüquqi etibarlılığı artırmaqla yanaşı, vətəndaşların mülkiyyət əməliyyatları zamanı üzləşə biləcəyi riskləri əhəmiyyətli dərəcədə azaldıb. Yaxın gələcəkdə ölkədə fəaliyyət göstərən müəssisələrin illik audit yoxlamasından keçməsi zəruriliyi kimi, qiymətləndirilməsinin vacibliyi barədə AQC təkliflə çıxış edəcək.
Qiymətləndirmə sahəsində institusional inkişafın mühüm dayaqlarından biri 1998-ci ildə qiymətləndirmə fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin, iqtisadçı alimlərin, başda tanınmış alim, ictimai-siyasi xadim Xanhüseyn Kazımlı olmaqla, təşəbbüsü ilə yaradılan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətidir (AQC). Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu iqtisadi islahatlar xəttinin Prezident İlham Əliyev tərəfindən ardıcıl davam etdirilməsi AQC-nin fəaliyyətinin yeni mərhələyə yüksəlməsinə şərait yaradıb. Xüsusilə 2022-ci ilin mayında keçirilən hesabat-seçki konfransından sonra AQC-nin fəaliyyətində ciddi aktivlik müşahidə olunub. Bu dövrdə sektorun problemləri sistemli şəkildə dövlət qurumlarının diqqətinə çatdırılıb, beynəlxalq əlaqələr genişləndirilib, türk dövlətlərinin qiymətləndiriciləri arasında institusional inteqrasiyaya start verilib. AQC-nin təşəbbüsü ilə qiymətləndirmə sahəsində peşə etikası, ixtisasartırma, beynəlxalq standartların tətbiqi və institusional əməkdaşlıq mexanizmləri gücləndirilib. Bu fəaliyyətlər Prezident İlham Əliyevin türk dünyasının birliyinə dair strateji siyasətinə uyğun şəkildə həyata keçirilib”, – deyə V.Oruc vurğulayıb.
Onun sözlərinə görə, hazırda dünya praktikasında qiymətləndirmə sahəsində yeni yanaşmalar ön plana çıxıb. Xüsusilə enerji qiymətləndirilməsi, ekoloji dəyərlərin hesablanması və xidmətlərin qiymətləndirilməsi müasir trendlər kimi diqqət cəlb edib. Bu istiqamətlərdə məqsəd yalnız maddi dəyərin müəyyənləşdirilməsi deyil, eyni zamanda dayanıqlılıq, ətraf mühitə təsir və uzunmüddətli səmərəlilik amillərinin də nəzərə alınmasıdır. Bununla yanaşı, qiymətləndirmə prosesində süni intellekt texnologiyalarından istifadə genişlənib, böyük məlumat bazalarının təhlili sürətlənib və nəticələrin dəqiqliyi artıb. Süni intellekt alətləri risklərin qiymətləndirilməsi, bazar dəyişikliklərinin proqnozlaşdırılması və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi baxımından mühüm imkanlar yaradıb. Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan Azərbaycan Qiymətləndiricilər Palatası qiymətləndirmə sahəsində özünüidarəetmə mexanizminin əsas institutu kimi çıxış edir. Palata qiymətləndiricilərin reyestrini aparır, etik və peşə standartlarını müəyyənləşdirir, təlim və ekspertiza proseslərinə nəzarət edir.
Eyni zamanda, 1998-ci ildən fəaliyyət göstərən Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti yeni hüquqi mühitdə də aparıcı rolunu qoruyub. AQC qiymətləndirmə standartlarının tətbiqi, ixtisasartırma, peşə etikası sənədlərinin hazırlanması və beynəlxalq təcrübənin ölkə şəraitinə uyğunlaşdırılması istiqamətində ardıcıl fəaliyyət göstərir. Hazırda AQC-nin sıralarında 50-dən artıq qiymətləndirmə şirkətinin fəaliyyət göstərməsi bazarın təşkilatlanmasının və peşəkarlaşmasının real göstəricisidir.
Bu gün əminliklə demək olar ki, Azərbaycanda qiymətləndirmə fəaliyyəti artıq təsadüfi və parçalanmış yanaşmalardan çıxaraq sistemli, hüquqi və institusional əsaslara söykənən müstəqil iqtisadi instituta çevrilib. Qanunların qəbulu, icra mexanizmlərinin yaradılması, normativ inteqrasiya və peşəkar özünüidarəetmə modelinin formalaşması ardıcıl dövlət siyasətinin məntiqi nəticəsidir.
“Palata qiymətləndiricilərin reyestrinin aparılması, etik və peşə standartlarının müəyyən edilməsi, fəaliyyətə nəzarət mexanizmlərinin qurulması baxımından mühüm institutdur. Bu model qiymətləndirmə sahəsində hərc-mərcliyin aradan qaldırılması və sektorun sağlam əsaslar üzərində yenidən dizayn edilməsinə xidmət etməsi üçün Qanunun gələcəkdə daha da təkmilləşdirilməsi isiqamətində ölkə qiymətləndiricilərinin assosiativ təşkilatı və peşəkar birliyi olan AQC daxilində təşkil edilmiş komissiyalar fəaliyyət göstərir. Dövrün, zamanın tələblərinə uyğun, Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin müəyyən etdiyi prinsiplərə əsaslanmaqla və xüsusilə də maliyyə hesabatlılığı və şəffaflığının təmin edilməsi üçün ekosistemin tərkib hissəsi olan qiymətləndirmə sektorunun inkişafı naminə təkliflər hazırlayır.
Bütün bu proseslərin mərkəzində Prezident İlham Əliyevin iqtisadi idarəetmədə şəffaflıq, institusional sabitlik və uzunmüddətli dayanıqlılıq prinsiplərinə əsaslanan strateji baxışı dayanır. Qiymətləndirmə sahəsinə göstərilən diqqət bu sahəni maliyyə qərarlarının, investisiya strategiyalarının və mülkiyyət münasibətlərinin etibarlı dayağına çevirib”, – deyə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycan xalqına uğurlu hədəfləri göstərən milli liderdir: “Onun qətiyyətli siyasəti təkcə Azərbaycanın inkişafına deyil, həm də türk dövlətləri arasında ictimai, iqtisadi və siyasi münasibətlərin qüvvətlənməsinə mühüm töhfə verir. Azərbaycanın təşəbbüsləri, həyata keçirdiyi layihələr türk dövlətlərinin birliyinin formalaşmasında müstəsna rol oynayır. Təsadüfi deyil ki, Türk dünyasının birliyinin güclənməsinə əhəmiyyətli təsir edən Türk Dövlətləri Təşkilatı məhz 2009-cu ildə imzalanan Naxçıvan sazişi ilə yaradılıb. Türk dövlətləri ilə əməkdaşlığın inkişafı xarici siyasətimizin əsas istiqamətlərindəndir. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə bu əməkdaşlıq mahiyyətcə yeni mərhələyə keçib. Azərbaycanın Vətən müharibəsində qazandığı tarixi Zəfər Türk dünyasının nüfuzunun artmasına səbəb olub. Bu, bütün Türk dünyasının zəfəridir. Bu il fevralın 14-də Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev bizim ailəmizin türk dünyası olduğunu bəyan edib”.
Vüqar Oruc diqqətə çatdırıb ki, bu proseslərin mərkəzində Prezident İlham Əliyevin qiymətləndirmə sahəsinə göstərdiyi davamlı diqqət, siyasi iradə və strateji baxış dayanır. “Məhz dövlət başçısının bu sahəyə olan qayğısı nəticəsində qiymətləndirmə fəaliyyəti iqtisadi idarəetmədə şəffaflığın, ədalətin və uzunmüddətli dayanıqlığın təmin olunmasına xidmət edən mühüm instituta çevrilib. Bu diqqət və dəstək qiymətləndirmə sahəsinin inkişafı üçün möhkəm və etibarlı zəmin yaradıb. Azərbaycan qiymətləndiriciləri bu gün yaradılan yüksək şəraitə, diqqət və qayğıya görə Prezidentə minnətdardır. Bu gün əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycanda qiymətləndirmə fəaliyyəti təsadüfi yanaşmalardan çıxaraq hüquqi, institusional və peşəkar əsaslara söykənən müstəqil iqtisadi instituta çevrilməsi istiqamətində ilkin addımlarını atmaqdadır. Bu, dövlətimizin başçısının iqtisadi sahəyə göstərdiyi ardıcıl diqqətin və siyasi iradənin bariz nəticəsidir”, – deyə V.Oruc əlavə edib.

