Kimyaterapiyadan əvvəl saç tökülməsini qarşısını alan "möcüzə" dərman şayəsi

Kimyaterapiyadan əvvəl saç tökülməsini qarşısını alan

Son zamanlar bəzi insanlar arasında belə bir fikir yayılıb ki, guya kimyaterapiyadan əvvəl xüsusi bir “dərman” vurulduqda saçlar tökülmür. Bu məlumat tamamilə yanlışdır və tibbi cəhətdən sübutu yoxdur.
 
Niyə belə dərman yoxdur?
Kimyaterapiya dərmanları şiş hüceyrələri ilə yanaşı, sürətlə bölünən normal hüceyrələrə də təsir edir. Saç follikulları da sürətlə bölündüyünə görə bu müalicədən təsirlənir və nəticədə saç tökülməsi baş verir.
 
Bu prosesi dərmanla tam bloklayan və eyni zamanda kimyaterapiyanın effektini azaltmayan bir preparat hələlik mövcud deyil.
 
Bəs saçları qismən qoruyan üsul varmı? 
Bəli, yalnız bir üsul var: dünyada saç tökülməsini azalda bilən yeganə sübutlu metod baş dərisinin soyudulmasıdır (Scalp Cooling).
Bu dərman deyil — xüsusi bir cihaz və ya soyuducu papaq sistemidir.
 
Necə işləyir?
Müalicədən əvvəl və müalicə zamanı baş dərisi soyudulur. Bu, həmin nahiyədə qan axınını azaldaraq kimyaterapiyanın saç follikullarına daha az çatmasına şərait yaradır. Nəticədə saç tökülməsi az qala bilər.
 
Amma vacib məqamlar:
Bu metod saçın tam qorunmasına zəmanət vermir.
Effekt pasiyentdən, müalicə növündən və papağın düzgün istifadəsindən asılıdır.
Saç tökülməsinin azalması bəzi xəstələrdə 40–70% dərəcəsində olur, lakin tam qorunma nadirdir.
Bu üsul qan xərçəngləri (leykoz, limfoma və s.) zamanı tövsiyə olunmur.
Azərbaycanda vəziyyət gəldikdə isə, bu sistem hazırda ölkəmizdə  tətbiq olunmur. Ona görə də “kimyaterapiyadan əvvəl vurulan dərman” haqqında yayılan məlumatlar bu üsulla da bağlı deyil və tam yanlışdır. 
 
Nəticə:
Kimyaterapiyadan əvvəl saç tökülməsini tam dayandıran heç bir dərman yoxdur.
Baş dərisinin soyudulması isə dünyada mövcud olan yeganə saç qoruma metodudur, amma dərman deyil və nəticəsi də 100% deyil.
Şayiələrə inanmayın və məlumatı yalnız müalicə aparan həkimdən alın. 
 
Kimyaterapiya zamanı saç tökülməsi müvəqqəti bir haldır. Müalicə bitdikdən sonra saçlar yenidən çıxmağa başlayır və çox vaxt əvvəlkindən də sağlam, güclü və gözəl olur. Bu dəyişiklik sizi narahat etməsin — bu, keçici bir mərhələdir və tam bərpa olunur. Məqsədimiz sizi sağlam görməkdir.
 
Həkim Medical Onkoloq Aliyə Aslan