“Kristal”ın sahiblərinə aid tikinti şirkətində kapital çatışmazlığı - zərəri 6,5 mln manata çatıb
“Diadem” ASC 2025-ci ili 6,5 mln. manata yaxın xalis zərərlə başa vurub.
2025-ci ildə “Diadem”in gəlirləri 20,297 mln. manat təşkil edib. 2024-cü ildə şirkətin gəlirləri 30,374 mln. manat olub. Beləliklə, gəlirlər illik müqayisədə 33,2% azalıb.
Şirkətin xalis zərəri isə 2024-cü ildəki 5,504 mln. manatdan 2025-ci ildə 6,470 mln. manata yüksəlib. Bununla da, “Diadem”in zərəri bir il ərzində 17,5% artıb.
Şirkətin maliyyə nəticələrinin son illər üzrə dinamikası da pisləşib. Belə ki, “Diadem” 2023-cü ili 1,856 mln. manat xalis mənfəətlə başa vurduğu halda, 2024-cü ildə 5,504 mln. manat zərərə keçib, 2025-ci ildə isə zərər 6,470 mln. manata yüksəlib.
Eyni zamanda, 2023-cü ildə 58,4 mln. manat olan şirkətin gəlirləri 2024-cü ildə 30,4 mln. manata, 2025-ci ildə isə 20,3 mln. manata qədər azalıb. Beləliklə, “Diadem”in gəlirləri iki il ərzində təxminən 65% azalıb.
Hesabat dövrünün sonunda şirkətin aktivləri 115,944 mln. manat, ümumi öhdəlikləri isə 122,822 mln. manat təşkil edib. Bununla da “Diadem”in öhdəlikləri aktivlərini təxminən 6,9 mln. manat üstələyib.
Şirkətin kapitalı da mənfi zonada qalmaqda davam edib. “Diadem”in kapital çatışmazlığı 2024-cü ilin sonunda 408,6 min manat olduğu halda, 2025-ci ilin sonunda 6,878 mln. manata yüksəlib.
Qeyd edək ki, “Diadem” 2017-ci ildə yaradılıb və yaşayış və qeyri-yaşayış binalarının tikintisi, eləcə də tikinti obyektlərinin və konstruksiyalarının layihələndirilməsi ilə məşğuldur.
Şirkət müxtəlif illərdə yaşayış tikintisi layihələrində iştirak edib. Rəsmi məlumatlara əsasən, “Diadem” Pirallahı rayonunda məcburi köçkünlər üçün 72 mənzilli 9 mərtəbəli yaşayış binasının tikintisini həyata keçirib. Abşeron rayonunun “Stansiya Sumqayıt” yaşayış massivində də şirkətin inşa etdiyi hündürmərtəbəli yaşayış binası barədə rəsmi məlumat mövcuddur.
Bundan başqa, “Diadem” Sumqayıtın 9-cu və 10-cu mikrorayonlarında, eləcə də Bakının Yasamal rayonunda “Kristal-Abşeron” MTK-nın yaşayış binaları üzrə layihələrində layihəçi kimi çıxış edib.
“Diadem” ASC-nin 75%-lik səhmlərinə Elbrus Nəbiyev, 25%-lik səhmlərinə isə Kamalə Dostumalıyeva sahibdir. Şirkətin direktoru Fuad Dostumalıyevdir.
Qeyd edək ki, Elbrus Nəbiyev “Kristal” brendinin sahiblərindən biri kimi tanınır. Onun oğlu Fərid Nəbiyev “Kristal” brendinə daxil olan “Kristal Bakı” ASC-nin səhmlərinin 25%-nə, qardaşı Mahəyət Nəbiyevin oğlu Araz Nəbiyev isə digər 25%-nə sahibdir.(Şirkətin səhmlərinin 50%-i isə millət vəkili Ağalar Vəliyevin oğlu Pərviz Vəliyevə aiddir.) Onun qardaşı Mahayət Nəbiyev isə “Kristal Abşeron” MTK-nın Müşahidə Şurasının sədridir. Hər iki şirkətin hüquqi ünvanı eynidir.
Plat.az


