Leyla Sarabi yeni vəzifəyə təyin olundu

Leyla Sarabi yeni vəzifəyə təyin olundu

Leyla Sarabi “Azərpambıq Aqrar Sənaye Kompleksi” MMC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

O, yeni vəzifəsində şirkətin ictimaiyyətlə və media ilə əlaqələrinin təşkili, korporativ kommunikasiya və informasiya siyasəti istiqamətlərinə cavabdeh olacaq.

Leyla Sarabi media və dövlət qurumlarının ictimaiyyətlə əlaqələr sahəsində uzunmüddətli iş təcrübəsinə malikdir.

O, 2026-cı ilin yanvarında Azərbaycan İnvestisiya Holdinqinin (AİH) İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdi. Bundan əvvəl isə Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib.

Sarabi həmin vəzifədə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma layihələrinin media ilə kommunikasiyasında iştirak edib. O, Ağdam və Füzuli rayonlarında həyata keçirilən yaşayış məntəqələrinin bərpası, əhalinin köçürülməsi və yeni infrastrukturun yaradılması ilə bağlı mütəmadi olaraq mediaya məlumat verib.

Leyla Sarabi daha əvvəl Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsində də çalışıb. Media fəaliyyətinin əvvəlki mərhələlərində AzTV, Mədəniyyət TV, Publika və digər media qurumlarında işləyib və əməkdaşlıq edib. (Marja.az)