Müasir Azərbaycanın enerji siyasəti - ŞƏRH

Müasir Azərbaycanın enerji siyasəti

Qürurla söz açdığımız məqamlardan bir də bu gün Azərbaycanın çoxşaxəli enerji siyasətidir.  Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş enerji siyasəti bu gün ölkəmizin daha böyük zirvələr fəth etməsinə, möhkəmlənməsinə səbəb olub. Ötən əsrin doxsanıncı illərinin ortalarında başladılan enerji siyasəti ənənəvi enerji mənbələri sayəsində idisə, bu gün daha irəli gedilərək bərpaolunan enerji mənbələri hesabına inkişaf etdirilir.

Məlumdur ki, hazırda iqlim dəyişmələrinin fəsadlarına qarşı qlobal səviyyədə mübarizə həyata keçirilir. Dünya yaşıl enerji sahəsinə daha çox diqqət və önəm verməyi qarşıya məqsəd kimi qoyub. Bu istiqamətdə  yeni imkanlar, yeni əlaqələr, potensiallar dəyərləndirilir. Bu da əlbəttə ki, öz növbəsində  yeni əməkdaşlıq imkanlarına yol açılır. Ölkəmiz də beynəlxalq birliyin fəal üzvü kimi irəli sürülən təşəbbüsləri dəstəkləməklə paralel əməli addımlar, işlər həyata keçirir. Ətraf mühitin qorunması, iqlim dəyişmələrinə qarşı mübarizə və yaşıl texnologiyaların tətbiqi məsələsi Azərbaycanın sosial-iqtisadi inkişafının prioritetlərindən biri kimi qəbul edilib.

Belə ki, 2030-cu ilə qədər ölkəmiz məhz "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" olaraq müəyyənləşdirilib. Mğhtərəm Prezident cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi və bu istiqamətdə həyata keçirilmiş tədbirlər dünya birliyi tərəfindən böyük təqdir aldı. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a yüksək səviyyədə ev sahibliyi edən Azərbaycan hərtərəfli inkişafını, potensialını dünyaya nümayiş etdirmiş oldu.  

Göründüyü kimi ətraf mühitin qorunması, yaşıl enerji və onun istifadəsi ölkəmizin əsas siyasi-iqtisadi xəttini təşkil edən məsələlərdən biri kimi qəbul edilib. Bu mənada xüsusilə son illərdə həyata keçirilən siyasət, əsası qoyulan layihələr ölkəmizin  bərpaolunan enerji siyasətinin bariz göstəricisidir. Əlbəttə ki, bu hələ  başlanğıcdır. 3 noyabr 2025-ci il tarixdə Milli Elmlər Akademiyasının 80 illik yubileyində Azərbaycan alimləri qarşısında qarşısında dərin məzmunlu nitqi söyləyən Ölkə başçısı cənab İlham Əliyev Azərbaycan elminin qarşısında duran əsas vacib məsələlərdən biri kimi müasir dövrün tələbləri sırasında olan bərpaolunan enerji siyasətinə xüsusi diqqət çəkdi. Görülən işlər, həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Azərbaycan gələcək prespektivdə bütün imkanlardan maksimum yararlanmaqla bu siyasəti daha da inkişaf etdirmək məqsədini qarşıya qoyub.

Hazırda ölkəmizin qarşıya qoyduğu ən əsas məqsədlərdən biri istehsal edəcəyi bərpaolunan enerjini ixrac etməkdir. Bu da gələcəkdə Azərbaycanın ən böyük yaşıl enerji ixracatçılarından birinə çevrilməsinə şərait yaradacaqdır.

Emin Mehtiyev;
Neftçala rayonu