Neftçalanın icra başçısı Boyat kəndində səyyar görüş keçirib
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov növbəti səyyar qəbulunu Neftçala rayonunun Boyat kəndinin sakinləri ilə keçirib. Səyyar qəbulda Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Boyat kəndində şəhidlərin əziz xatirəsinə inşa olunan xatirə kompleksi ziyarət olunub və önünə gül dəstələri düzülüb.
İlk olaraq Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçuların ruhu bir dəqiqəlik sükutla yad edilib.
Səyyar qəbul zamanı Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndə çıxış edərək, kəndin sosial-iqtisadi vəziyyəti, əhalinin məşğulluq durumu, infrastruktur təminatı və 2025-ci il ərzində kənd ərazisində həyata keçirilən abadlıq- quruculuq işləri haqqında iştirakçılara ətraflı hesabat təqdim edib.
Çıxış edən natiqlər “Xocalı soyqırımı tarixdə baş vermiş ən dəhşətli faciələrdəndir” mövzusunda iştirakçılara ətraflı məlumat veriblər. Bildirilib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi tarixə düşüb. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı kütləvi qırğın törədilib. Nəticədə yüzlərlə mülki şəxs, o cümlədən qadınlar, uşaqlar və qocalar xüsusi amansızlıqla qətlə yetirilib, minlərlə insan yaralanıb və girov götürülüb. Bu faciə insanlığa qarşı törədilən ən ağır cinayət kimi Azərbaycan xalqının yaddaşında silinməz iz buraxıb və beynəlxalq ictimaiyyət tərəfindən soyqırımı aktı kimi tanınması istiqamətində səylər davam etdirilir.
Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında qeyd edib ki, Xocalı soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biri kimi Azərbaycan tarixində silinməz iz qoyub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dinc əhaliyə qarşı xüsusi amansızlıqla kütləvi qırğın törədilib, yüzlərlə günahsız insan – qadınlar, uşaqlar və qocalar qətlə yetirilib, minlərlə sakin yaralanıb, əsir və girov götürülüb. Bu faciə insanlığa qarşı yönələn ağır cinayət kimi Azərbaycan xalqının yaddaşında əbədi həkk olunub. Xocalı faciəsinə ilk siyasi-hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev verib. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis tərəfindən bu hadisəyə hüquqi qiymət verilib, faciənin mahiyyəti beynəlxalq ictimaiyyətə çatdırılıb. Ümummilli Lider Heydər Əliyev bu faciəni bəşəriyyətə qarşı yönələn ən qəddar soyqırımı kimi dəyərləndirərək deyib: "Xocalı faciəsi bir tərəfdən hər bir Xocalı sakininin öz torpağına, millətinə, Vətəninə sədaqətliliyinin nümunəsidir. İkinci tərəfdən isə Ermənistanın millətçi, vəhşi qüvvələri tərəfindən Azərbaycana qarşı edilən soyqırımdır – vəhşiliyin görünməmiş bir təzahürüdür".
RİH-in başçısı bildirib ki, Ulu Öndər Heydər Əliyev Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində ardıcıl siyasətin əsasını qoyub. Bu siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Xocalı həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması, ədalətin bərpası və tarixi həqiqətlərin təhrif olunmasının qarşısının alınması istiqamətində mühüm diplomatik və siyasi addımlar atılıb. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva və rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən “Xocalıya ədalət” kimi beynəlxalq kampaniyalar faciə haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayıb. Bu fəaliyyət nəticəsində bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı hadisələrinə hüquqi-siyasi qiymət verib. Xocalı soyqırımı qurbanlarının xatirəsi Azərbaycan xalqı tərəfindən daim ehtiramla yad edilir və bu faciənin unudulmaması, gələcək nəsillərə çatdırılması dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır. 2024-cü il fevralın 26-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Xocalı şəhərində Xocalı Soyqırımı Memorialının təməli qoyulub.
RİH-in başçısı, Zəfərlə yekunlaşan 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranan yeni geosiyasi reallıqlar fonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi ədalətin bərpa edilməsi konsepsiyasının davamının məcburi köçkünlərin və qaçqınların Böyük Qayıdışını təmin etmək olduğunu bildirib. O, həmçinin Azərbaycan xalqının milli-mənəvi dəyərlərini və haqqını bərpa etmək missiyasının önəmindən danışıb. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Qərbi Azərbaycan İcmasının üzvləri ilə görüşdə bununla bağlı ciddi tapşırıqlar verdiyini vurğulayıb. Həmçinin, Azərbaycan xalqının haqqının bərpa olunması və Qərbi Azərbaycan İcmasının hüquqlarının beynəlxalq səviyyədə tanıdılması istiqamətində ölkə rəhbərinin sərgilədiyi mövqeyin tarixçilər və hüquqşünaslar üçün ciddi vəzifələr qoyduğunu qeyd edib.
Neftçala RİH-in başçısı, Neftçala rayonunda həyata keçirilən yenidənqurma işləri barədə görüş iştirakçılarına məlumat verib.
Səyyar qəbul zamanı vətəndaşlar tərəfindən kənddaxili yolun təmiri, ərzaq yardımı, kənd ərazisində körpələr evi-uşaq bağçasının açılması, işlə təmin olunma, P-Aqro MMC tərəfindən yığılan pambıq bitkisinin məhsulunun ödənişinin ala bilməməsi, drenaj kanalının lildən və kol-kosdan təmizlənməsi, su bulaqların tikilməsi və digər sosial məsələlərlə bağlı müraciətlər səsləndirilib. Qaldırılan məsələlər hər bir müraciət üzrə ayrı-ayrılıqda dinlənilib, ətraflı şəkildə müzakirə olunub və onların həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar göstərilən yüksək diqqət və qayğıya, həmçinin rayon ərazisində aparılan abadlıq-quruculuq işlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, vətəndaş məmnunluğunu artırmaq və xidmət keyfiyyətinin yaxşılaşdırılmasını təmin etmək məqsədilə vətəndaşlar Neftçala Rayon İcra Hakimiyyəti ilə həm onlayn, həm də yerində görüşlər üçün yaradılan "Rəqəmsal İcra Hakimiyyəti" https://rih.gov.az portalına daxil olaraq müraciət edə bilərlər.


