Ordubadda vətəndaşların müraciətləri diqqət mərkəzində saxlanılır

Ordubadda vətəndaşların müraciətləri diqqət mərkəzində saxlanılır

Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli yerlərdə vətəndaşların müraciətlərinin dinlənilməsi və operativ həlli məqsədilə növbəti səyyar qəbulunu 06 fevral 2026-cı il tarixində Behrud kəndində keçirib.  Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, müvafiq xidmət sahələrinin rəhbərləri və kənd sakinləri iştirak ediblər. 

Qəbul zamanı Rəcəb Rəhimli ölkəmizdə, Muxtar Respublikada və Ordubad rayonunda həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi inkişaf planları barədə vətəndaşlara ətraflı məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən milli inkişaf prioritetləri, işğaldan azad edilmiş ərazilərdəki böyük qayıdış layihələri, ölkə iqtisadiyyatının dayanıqlı inkişafı və rəqabət gücünün artırılması strategiyası vurğulanıb. "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində görülən işlər, xüsusilə infrastrukturun yenilənməsi, yeni iş yerlərinin yaradılması və əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində atılan addımlar qeyd edilib. Ordubad rayonunda şəhər və kənddaxili yol ifrastrukturunun yenidən qurulması, su təsərrüfatı sistemlərinin təkmilləşdirilməsi, kənd təsərrüfatının intensivliyinin artırılması, sahibkarlığın inkişafı, məşğulluq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən layihələr diqqətə çatdırılıb. Həmçinin, Ordubad şəhərinin Baş Planının hazırlanması, tarix-mədəniyyət abidələrinin qorunması və bərpası istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, Zəngəzur dəhlizinin açılması muxtar respublikanın və Ordubad rayonunun sosial-iqtisadi inkişaf strategiyasında yeni prioritetlər müəyyən etməklə, regionun iqtisadi dayanıqlılığının artırılmasına və vətəndaşların sosial rifahının gücləndirilməsinə xidmət edəcəkdir.

Daha sonra sakinlər tərəfindən səsləndirilən elektrik şəbəkəsinin yerinin dəyişdirilməsi,  içməli su təminatının təkmilləşdirilməsi, sosial xidmətlər və məşğulluq məsələləri ilə bağlı müraciətlərin bir qisminin yerindəcə həll olunması üçün aidiyyəti qurumların rəhbərlərinə konkret tapşırıqlar verilib. Həlli müəyyən vaxt tələb edən digər müraciətlər isə müvafiq qurumlara istiqamətləndirilərək icra hakimiyyətinin nəzarətinə götürülüb.

Görüşün sonunda kənd sakinləri göstərilən diqqət və qayğıya, eləcə də vətəndaş müraciətlərinin dinlənilməsi üçün yaradılan şəraitə görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını ifadə ediblər.