Vətəndaş məmnunluğunun təmin edilməsi və mövcud problemlərin həlli məqsədilə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli 28 noyabr 2025-ci il tarixində Gənzə kəndində səyyar qəbul keçirdi. Görüşdə İcra Hakimiyyətinin məsul əməkdaşları, rayonun, idarə və müəssisə təşkilat rəhbərləri, icra nümayəndəsi və bələdiyyə sədri iştirak ediblər.
Rəcəb Rəhimli, 44 günlük Vətən müharibəsi nəticəsində əldə olunan şanlı Zəfərin əhəmiyyətindən danışaraq bildirib ki, bu zəfərin əldə olunmasında şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı, eləcə də Ali Baş Komandan İlham Əliyevin liderlik amili və uzaqgörən siyasəti xüsusi rol oynayıb. Ölkəmizin ərazi bütövlüyü təmin edilib, uzun illər işğal altında qalmış torpaqlarımız azad olunub, torpaqlarımızda konstitusion və suveren hüquqlarımız tamamilə bərpa edilib. Həmçinin, Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri və məcburi köçkünlərin doğma yurdlarına qayıtması da Şanlı Zəfərin tarixi əhəmiyyətinin bir təzahürü kimi vurğulanıb.
İcra başçısı çıxışında Zəngəzur dəhlizinin açılmasının ölkəmiz üçün strateji əhəmiyyətini vurğulayıb. Qeyd olunub ki, Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat-kommunikasiya imkanlarını genişləndirərək Naxçıvan Muxtar Respublikasının ölkənin digər ərazisi ilə birbaşa bağlantısını bərpa edəcək və regionun sosial-iqtisadi inkişafına mühüm töhfə verəcək.
Görüşdə “2023-2027-ci illərdə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda həyata keçirilən işlər barədə məlumat verilib. Bildirilib ki, şəhər və kənddaxili yolların yenidən qurulması, su infrastrukturunun yaxşılaşdırılması üçün layihələrin hazırlanması, məşğulluq imkanlarının artırılması, mədən sənayesinin inkişafı, meyvəçiliyin, bağçılığın, ipəkçiliyin, eləcə də kənd təsərrüfatının inkişaf etdirilməsi sahəsində mühüm addımlar atılır, həmçinin, tarix-mədəniyyət abidələrinin qorunması məqsədilə “Ərbabın iş yeri” tarixi binasında, dünya şöhrətli alim Yusif Məmmədəliyevin Ev Muzeyində və büstü ətrafında əsaslı təmir işlərinin aparılması həyata keçirilir.
Daha sonra məşğulluq, Əndəmic-Gənzə magistral yol infrastrukturunun yenilənməsi, sosial yardım, əlilliyin təyin olunması, kəndin qaz təchizatının yaxşılaşdırılması, kənd həkim ambulatoriyasında istilik sisteminin fəaliyyətinin tənzimlənməsi, quru ağaclarda budama işlərinin aparılması və digər məsələlərlə bağlı kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Həlli müəyyən vaxt tələb edən məslələr nəzarətə götürülüb.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.