PAKDAD şəhid və qazi övladlarını bir araya gətirdi
Azərbaycanın tanınmış yerli brendlərindən olan PAKDAD yeni tədris ili ərəfəsində bir qrup şəhid və qazi övladı üçün tədbir təşkil edib.
Tədbirin əsas məqsədi Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etmək, onların övladlarına diqqət və qayğı göstərmək, eləcə də yeni tədris ili ərəfəsində uşaqlara xoş əhval-ruhiyyə bəxş etmək olub.
Tədbir çərçivəsində uşaqlar PAKDAD restoranında bir araya gələrək asudə vaxtlarını maraqlı və əyləncəli şəkildə keçiriblər. Onlar üçün müxtəlif ikramlar təşkil olunub, həmçinin yeni tədris ili münasibətilə hədiyyələr təqdim edilib. Balacalar hədiyyələri böyük sevinc və məmnuniyyətlə qarşılayıblar.
Qeyd edək ki, sosial təşəbbüs PAKDAD ilə Dövlət Sosial Müdafiə Fondu arasında əldə olunmuş razılaşma çərçivəsində həyata keçirilən uzunmüddətli tərəfdaşlığın tərkib hissəsidir.
Tərəfdaşlığın əsas məqsədi şəhid və qazi övladlarına diqqət və qayğının göstərilməsi, onların yeni tədris ilinə hazırlığına dəstək verilməsi və təhsil prosesinə töhfə olmaqdır.
Tədbirdə iştirak edən şəhid və qazi ailələrinin üzvləri göstərilən diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.



