“Poniland”da saxlanılan vəhşi heyvanlar xilas edilib
IDEA İctimai Birliyinin təşəbbüsü ilə Qida Təhlükəsizliyi Agentliyi, Daxili İşlər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirakı ilə Bakı şəhərində yerləşən uşaq bərbərxanası və əyləncə mərkəzi kimi fəaliyyət göstərən xidmət obyektində təcili araşdırma tədbirləri həyata keçirilib.
IDEA İctimai Birliyinə daxil olan vətəndaş müraciəti əsasında həyata keçirilən birgə yoxlama nəticəsində “Poniland” adı altında xidmət göstərən obyektin ərazisində qanunsuz olaraq surikat, yenot, tovuzquşu, tirəndaz, poni, tısbağa, dəniz donuzcuğu, dovşan, keçi və göyərçin heyvan növlərinin saxlanıldığı məlum olub.
Bildiririk ki, vəhşi heyvanların, xüsusilə də təbii mühafizə olunan heyvan növlərinin müvafiq qanunvericiliyin tələbləri nəzərə alınmadan qapalı şəraitdə saxlanılmasına yol verilmir. Eyni zamanda, ev heyvanlarının bu tip ictimai təyinatlı obyektlərdə saxlanılması sanitariya-gigiyena normalarının pozulması olmaqla yanaşı, insan sağlamlığı üçün də xüsusi risk yaradır.
Bakı Zooloji Parkının baytar mütəxəssisləri tərəfindən bütün heyvanlar ərazidən götürülüb, klinik şəraitdə müayinədən keçdikdən sonra daha sağlam və təhlükəsiz həyat yaşamaq üçün Bakı Zooloji Parkına yerləşdirilib.
Qeyd edək ki, heyvanlara qarşı qayğıkeş və məsuliyyətli münasibət göstərilməli, vəhşi heyvanların qanunsuz olaraq saxlanması hallarına yol verilməməlidir. Bu kimi hallarla bağlı məlumatın verilməsi üçün IDEA İctimai Birliyinin “Təbiətə Təcili Yardım” proqramı çərçivəsində “1113” qaynar xətti fəaliyyət göstərir.

