“Rai Avto Lizinq” və “Citizen Transport” şirkətləri cərimələndi

“Rai Avto Lizinq” və “Citizen Transport” şirkətləri cərimələndi

Bakıda nəqliyyat vasitələrinin mülkiyyətçisi kimi inzibati xəta törətmiş sürücülər barədə polis sorğusuna cavab verməyən iki şirkət məhkəmə tərəfindən cərimələnib.

Plat.az-ın əldə etdiyi məlumata görə, bunlar “Rai Avto Lizinq” MMC və “Citizen Transport” MMC-dir.

Hər iki şirkət İnzibati Xətalar Məcəlləsinin 347-ci (Nəqliyyat vasitəsinin istifadəçisi barədə məlumat verilməməsi) maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib və onların hər birinə 300 manat məbləğində inzibati cərimə tətbiq edilib.

İş materiallarına əsasən, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən “Rai Avto Lizinq” MMC barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub. Protokola əsasən, şirkətə sorğu göndərilib. Sorğuda şirkətin mülkiyyətində olan nəqliyyat vasitəsi ilə inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatın polisə təqdim edilməsi tələb olunub.

Lakin protokolda göstərilib ki, “Rai Avto Lizinq” MMC həmin məlumatı sorğunu aldığı vaxtdan etibarən 5 gün müddətində Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə təqdim etməyib.

Bununla əlaqədar şirkət barəsində İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub və material baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilib.

Oxşar hal “Citizen Transport” MMC ilə bağlı da qeydə alınıb.

Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis İdarəsi tərəfindən şirkət barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Protokolda qeyd edilib ki, şirkətə polis tərəfindən sorğu göndərilib. Amma sorğuda sözügedən MMC-nin mülkiyyətində olan nəqliyyat vasitəsini idarə edən və inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatın təqdim olunması xahiş edilib.

Həmin sənədlərdən müəyyən olunub ki, polis tərəfindən şirkətə onun mülkiyyətində olan “İSUZU HC45 MİKROAVTOBUS” markalı nəqliyyat vasitəsini idarə edən şəxs barədə məlumatın verilməsi ilə bağlı sorğu göndərilib. Sorğuda həmin şəxsin İXM-in 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş fiziki şəxs olduğu bildirilib.

Sənədlərə əsasən, sorğu şirkət tərəfindən qəbul edilib. Lakin şirkətə sorğunu aldığı vaxtdan 5 gün ərzində həmin nəqliyyat vasitəsini idarə edən və inzibati xəta törətmiş fiziki şəxs barədə məlumatı polisə təqdim etməyib.

Bu səbəbdən “Citizen Transport” MMC barəsində də İXM-in 347-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.

Məhkəmə iş materiallarını və təqdim olunmuş sübutları araşdırdıqdan sonra hər iki hüquqi şəxsin inzibati xəta törətməsini müəyyən edib. Qərara əsasən, “Rai Avto Lizinq” MMC və “Citizen Transport” MMC İXM-in 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 manat məbləğində inzibati cərimə edilib.

Beləliklə, hər iki şirkət üzrə tətbiq edilən inzibati cərimələrin ümumi məbləği 600 manat təşkil edib.

Qeyd edək ki, “Rai Avto Lizinq”in nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə, Ağazadə Rahim İbrahim oğludur. “Citizen Transport”un isə, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi Şirinov Cavid Tofiq oğludur.