Rəcəb Rəhimli Aşağı Əndəmic kəndində vətəndaşlarla görüş keçirdi
Vətəndaşların müraciətlərinin yerində dinlənilməsi, mövcud çətinliklərin operativ araşdırılması və həlli məqsədilə Ordubad rayonunda səyyar qəbulların keçirilməsi davam etdirilir. Növbəti səyyar görüş rayonun Aşağı Əndəmic kəndində təşkil olunub. Qəbulda Ordubad Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, aidiyyəti xidmət təşkilatlarının rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndə, bələdiyyə sədri və kənd sakinləri iştirak ediblər.
Görüş zamanı çıxış edən Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Rəhimli ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikasında aparılan sosial-iqtisadi inkişaf tədbirlərindən danışıb. Qeyd olunub ki, “2023–2027-ci illər üzrə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində Ordubad rayonunda bir sıra mühüm layihələr həyata keçirilir. Bu layihələr çəçivəsində şəhər və kənddaxili yol infrastruktrunun yenidən qurulması, meliorasiya və su təsərrüfatının təkmilləşdirilməsi, kənd təsərrüfatının inkişaf etdirilməsi, mədən sənayesinin yenidən fəaliyyətə cəlb edilməsi, turizm potensialının genişləndirilməsi və məşğulluq imkanlarının artırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Görüşdə, həmçinin Azərbaycan Respublikası Prezidentinin “Naxçıvan Muxtar Respublikasında su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2026–2030-cu illər üçün Tədbirlər Planı” haqqında Sərəncamının əhəmiyyətindən bəhs olunub. Bildirilib ki, müvafiq Sərəncamla rayonun yaşayış məntəqələrində içməli və suvarma suyu təminatı daha da yaxşılaşdırılacaq. Eyni zamanda Ordubad rayonunun zəngin tarix-mədəniyyət irsinin qorunmasının dövlətin xüsusi diqqət mərkəzində olduğu vurğulanıb. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması, eləcə də şəhərin UNESCO və ICESCO-nun ilkin siyahılarına daxil edilməsi bölgənin turizm imkanlarının genişlənməsinə və onun beynəlxalq səviyyədə tanıdılmasına mühüm töhfə verir.
Görüşdə region üçün strateji əhəmiyyət daşıyan Zəngəzur dəhlizi layihəsinə də toxunulub. Bu çərçivədə Salamməlik stansiyası ərazisində dəmir yolu infrastrukturunun yenidən qurulması istiqamətində görülən işlər barədə sakinlərə məlumat verilib.
Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən məşğulluq, kənd ərazisində mövcud olan kəhrizin təmir olunması, kənddaxili su arxlarının təmizlənməsi, su anbarının yaradılması və digər məsələlərlə bağlı müraciət və təkliflər səsləndirilib. Qaldırılan məsələlərin bir qismi yerindəcə həllini tapıb, digərlərinin araşdırılması və qısa müddətdə həlli üçün aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülüb.
Kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.


