Sürücülərin DİQQƏTİNƏ: Bu yol BAĞLANIR

Sürücülərin DİQQƏTİNƏ:

Fevralın 14-ü və 15-də Bakının Suraxanı rayonu ərazisində yerləşən Aeroport şosesində ("Buta Palace" şadlıq sarayının yaxınlığında) mövcud elektron məlumat və sürət tablolarının yeniləri ilə əvəzlənməsi prosesi həyata keçiriləcək. Görüləcək işlərlə əlaqədar olaraq, qeyd olunan yolda nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq və hərəkət istiqamətləri dəyişdiriləcək.

Bu barədə Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) rəsmi məlumat yayıb.

Bildirilib ki, hərəkət məhdudiyyəti aşağıdakı qrafik üzrə tətbiq olunacaq:

Fevralın 14-də gecə saat 00:00-dan səhər 07:00-dək Hava limanı yolundan (Hava limanı körpüsündən) metronun "Koroğlu" stansiyası istiqamətində, fevralın 15-də isə eyni saatlarda "Koroğlu" stansiyasından (Suraxanı dairəsindəki yol ötürücüsündən) Hava limanı istiqamətində yol bağlanacaq.

Ərazidə xidmət aparan DYP əməkdaşları tərəfindən nəqliyyat axını tənzimlənəcək. Belə ki, Mərdəkan şosesindən gələn avtomobillər Zığ şosesinə, şəhər mərkəzindən gələnlər isə Suraxanı rayonuna, daha dəqiq desək, Xanlar Ələkbərov və 14 İyul küçələrinə yönləndiriləcək.

Bununla yanaşı, sürücülər şəhərdən Hava limanı istiqamətinə getmək üçün alternativ marşrut kimi 8 Noyabr prospektindən Zığ yoluna keçməklə hərəkətlərini davam etdirə bilərlər.