TƏBİB tərəfindən təlimçilərin hazırlığı proqramı həyata keçirilib
TƏBİB tərəfindən ana və uşaq sağlamlığı sahəsində göstərilən tibbi yardımın keyfiyyətinin artırılması məqsədilə patronaj xidmətini həyata keçirən tibb işçiləri üçün genişmiqyaslı təlimlər təşkil olunub.
Proqram çərçivəsində Bakı, Sumqayıt, Gəncə, Şirvan və Mingəçevir şəhərlərində, həmçinin Şəki, Lənkəran, Cəlilabad, Şamaxı, Ağcabədi, Göyçay, Quba və Şəmkir rayonlarında fəaliyyət göstərən TƏBİB-in tabeliyindəki tibb müəssisələrini təmsil edən 13 kurator və 43 təlimçi olmaqla, ümumilikdə 60 həkim-mütəxəssis iştirak edib.
Təlim iştirakçıları universal və proqressiv patronaj modeli əsasında xidmətin təşkili, ailəyönümlü yanaşma, risklərin erkən aşkarlanması, ehtiyacların qiymətləndirilməsi və multidissiplinar əməkdaşlıq prinsipləri üzrə bilik və bacarıqlar əldə ediblər. Patronaj tibb bacıları və mama-ginekoloqlar hamilə və zahı qadınların, yenidoğulmuşların və erkən yaşlı uşaqların sağlamlıq vəziyyətini mütəmadi qiymətləndirəcək, tibbi, sosial və psixoloji risk amillərini erkən müəyyən edərək onları vaxtında müvafiq xidmətlərə yönləndirəcəklər.
Bu yanaşma patronaj xidmətinin vahid standartlar əsasında təşkilinə, xidmət keyfiyyətinin yüksəldilməsinə, ana və uşaq sağlamlığının qorunmasında risk əsaslı yanaşmanın gücləndirilməsinə və ilkin səhiyyə xidmətlərinin səmərəliliyinin artırılmasına töhfə verəcək.
Qeyd edək ki, hazırlıq proqramı hər qrup üzrə üç gün olmaqla ümumilikdə doqquz gün davam edib. Təlim proqramını uğurla başa vuran iştirakçılar əldə etdikləri bilik və bacarıqları fəaliyyət göstərdikləri ərazilərdə yerli komandalarla bölüşərək patronaj xidmətinin təkmilləşdirilməsinə yönəlmiş yeniliklərin mərhələli və sistemli tətbiqini təmin edəcəklər.


