Texniki Universitetin rektoru yola salınır
Təhsil sistemində yeni dəyişikliklər dalğası başlayıb. Son günlər ali təhsil sektorunda baş verən hadisələr göstərir ki, bu istiqamətdə struktur islahatları mərhələsi sürətlənməkdədir. Modern.az-ın bir müddət əvvəl dərc etdiyi məlumatlar artıq rəsmi qərarlarla öz təsdiqini tapmağa başlayıb.
Ötən gün Qızlar Universitetinin fəaliyyətinin dayandırılması rəsmi şəkildə təsdiqləndi. Bununla yanaşı, Azərbaycan-Türkiyə Universitetində (ATU) də mühüm kadr dəyişikliyi baş verdi. Universitetə yeni rektor təyin olundu. Xatırladaq ki, bu vaxta qədər ali təhsil müəssisəsinin rəhbərliyi müvəqqəti olaraq Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə həvalə edilmişdi.
Yeni rektor Nəcibə Nəsibova təyinat faktını təsdiqləyərək bildirib ki, müvafiq qərar universitetin Qəyyumlar Şurasının iclasında qəbul olunub. Daha sonra həmin qərar elm və təhsil nazirinin imzaladığı əmrlə rəsmiləşdirilib.
Nəcibə Nəsibova uzun illər Azərbaycanın Türkiyədəki təhsil müşaviri kimi fəaliyyət göstərib. O, 30 ildən artıq müddətdə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin akademik, sosial və təşkilati problemlərinin həllində yaxından iştirak edib. Eyni zamanda, Azərbaycan və Türkiyə arasında ali təhsil sahəsində institusional əməkdaşlığın genişləndirilməsi istiqamətində mühüm layihələrin icrasında yer alıb. Bu baxımdan onun təyinatı sıradan bir kadr dəyişikliyi deyil, həm də idarəetmə fəlsəfəsinin yenilənməsi kimi qiymətləndirilə bilər.
Əslində Modern.az bir müddət əvvəl Azərbaycan-Türkiyə Universitetində mövcud vəziyyətlə bağlı ciddi problemləri gündəmə gətirmişdi. Həmin yazıda universitetin idarəetməsində sistemli çatışmazlıqların olduğu, inkişaf tempinin zəiflədiyi və ali məktəbin potensialından səmərəli istifadə edilmədiyi qeyd olunurdu. Dünən baş verən rektor dəyişikliyi həmin məlumatların təsadüfi olmadığını göstərir. Faktiki olaraq, rəsmi qərarlar Modern.az-ın qaldırdığı məsələlərin aktuallığını bir daha təsdiqləmiş oldu.
Lakin diqqət çəkən məsələ bununla yekunlaşmır. Modern.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Vilayət Vəliyev yaxın vaxtlarda Azərbaycan Texniki Universitetindəki rektor vəzifəsindən də uzaqlaşdırılacaq. Bununla da ölkənin texniki ali təhsil sistemində növbəti mühüm kadr islahatı baş vermiş olacaq. Çünki son illərdə Azərbaycan Texniki Universitetinin fəaliyyəti ilə bağlı müxtəlif suallar və narazılıqlar səsləndirilirdi.
Universitet rəhbərliyinin fəaliyyəti daha çox sosial şəbəkələrdə yayılan şəkillər, tədbirlər və təqdimatlarla yadda qalıb. İctimaiyyətə təqdim olunan vizual görüntülər uğurlu idarəetmə təəssüratı yaratsa da, real akademik göstəricilər tam fərqli mənzərə ortaya qoyur. Ali təhsil müəssisəsinin əsas göstəricisi PR fəaliyyəti deyil, elmi nəticələr, beynəlxalq reytinqlər, innovasiya potensialı, məzunların əmək bazarındakı rəqabət qabiliyyəti və tədrisin keyfiyyətidir. Məhz bu parametrlər üzrə universitetin vəziyyəti ciddi suallar doğurur.
Bu gün dünyanın aparıcı texniki universitetləri süni intellekt, informasiya texnologiyaları, robototexnika, rəqəmsal transformasiya, kibertəhlükəsizlik və yüksək texnologiyalar istiqamətində inqilabi yeniliklər həyata keçirirlər. Onlar sənaye ilə universitet əməkdaşlığını gücləndirir, startap ekosistemləri formalaşdırır və elmi tədqiqatların kommersiyalaşdırılmasına xüsusi önəm verirlər. Azərbaycan Texniki Universitetində isə bu istiqamətlər üzrə gözlənilən inkişaf tempinin olmadığı aksiomadır. Universitet ölkənin texnoloji inkişafının lokomotivi olmaq əvəzinə, mövcud potensialını tam reallaşdıra bilmir.
İdarəetmədə şəxsi ambisiyaların və subyektiv yanaşmaların üstünlük təşkil etməsi ali məktəbin inkişafına mənfi təsir göstərib. Akademik idarəetmə prinsipləri şəffaflıq, hesabatlılıq və strateji planlaşdırma üzərində qurulmalıdır. Bu prinsiplər pozulduqda universitetin ümumi inkişaf dinamikası zəifləyir. Məhz buna görə də bu gün Azərbaycan Texniki Universitetinin mövqeyi əvvəlki illərlə müqayisədə daha çox tənqid olunur.
Ən narahatedici məqamlardan biri isə qəbul göstəriciləridir. Texniki Universitet ölkənin ən perspektivli ali məktəblərindən biri hesab olunmalıdır. Belə universitetlərə yüksək akademik hazırlığa malik abituriyentlərin üz tutması təbii prosesdir. Lakin universitetin ən aşağı keçid balları ilə tələbə qəbul edən ali məktəblər sırasında yer alması ciddi siqnal hesab edilməlidir. Bu fakt universitetin cəlbediciliyinin azalmasını göstərən mühüm indikatorlardan biridir. Belə vəziyyət təsadüfi deyil və uzun illər ərzində formalaşan idarəetmə problemlərinin nəticəsi kimi qiymətləndirilə bilər.
Texniki Universitet yalnız diplom verən müəssisə deyil. O, ölkənin sənaye inkişafını təmin edən mühəndislərin, proqramçıların, texnoloqların və innovasiya mütəxəssislərinin yetişdiyi əsas elm mərkəzi olmalıdır. Burada formalaşan kadr potensialı gələcək iqtisadiyyatın əsas dayaqlarından biridir. Bu səbəbdən də universitetdə baş verən hər bir idarəetmə qərarı ölkənin texnoloji inkişaf perspektivlərinə birbaşa təsir göstərir.
Azərbaycanın qarşısında rəqəmsal iqtisadiyyatın qurulması, süni intellekt texnologiyalarının tətbiqi və innovasiya ekosisteminin genişləndirilməsi kimi strateji hədəflər dayanır. Belə bir dövrdə texniki universitetlərin zəif fəaliyyəti yalnız təhsil sahəsinin deyil, bütövlükdə iqtisadi inkişafın problemi hesab edilməlidir. Çünki gələcəyin rəqabəti məhz bilik, texnologiya və innovasiya üzərində qurulur.
Bu baxımdan Azərbaycan Texniki Universitetində yeni idarəetmə modelinə ehtiyac olduğu barədə fikirlər getdikcə daha çox səslənir. Universitetə çevik qərarlar qəbul edən, müasir idarəetmə bacarıqlarına malik, beynəlxalq akademik mühiti yaxından tanıyan və texnoloji trendlərlə ayaqlaşa bilən rəhbərin gətirilməsi vacib görünür. Ali məktəbin inkişafı yalnız binaların təmiri və tədbirlərin keçirilməsi ilə ölçülmür. Əsas meyar elmi məhsuldarlıq, innovasiya fəaliyyəti və keyfiyyətli insan kapitalının hazırlanmasıdır.
Əks halda, sürətlə dəyişən dünyada informasiya texnologiyaları və süni intellekt sahəsində baş verən proseslər fonunda universitet rəqabət qabiliyyətini daha da itirə bilər. Bu isə gələcək nəsillərin əmək bazarında geridə qalması riskini artıracaq. Azərbaycan Texniki Universiteti ölkənin gələcəyini formalaşdıran strateji ali təhsil müəssisələrindən biri olmalıdır. Bu universitet gələcəyin universitetinə çevrilməlidir. Bunun üçün isə köklü islahatlar, peşəkar idarəetmə və müasir baxış bu gün hər zamankından daha vacibdir.


