Tibb tarixinin səssiz qadın qəhrəmanları
Yasmin Rüstəmova: Güclü qadın anlayışı yalnız səhnədə deyil, gecə növbələrində, əməliyyat otaqlarında, çətin qərar anlarında formalaşır
Azərbaycan Kardiologiya Cəmiyyətinin təşəbbüsü və Azərbaycan Tibb Universitetinin (ATU) dəstəyi ilə “Qadın Ürəyi - Sağlam Həyat. Azərbaycan Tibbinin Güclü Qadınları” adlı tədbir keçirilib.
Tədbir şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Azərbaycan Kardiologiya Cəmiyyətinin (AKC) sədri, tibb elmləri doktoru Yasmin Rüstəmova iştirakçıları salamlayaraq bildirib ki, tədbir 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində təşkil olunmaqla xüsusi məna daşıyır. Onun sözlərinə görə, Azərbaycan tibb tarixində qadınlar bəzən səssiz şəkildə fəaliyyət göstərsələr də, elmə və səhiyyəyə böyük töhfələr veriblər.
Y.Rüstəmova qeyd edib ki, AKC-nin ilk qadın sədri olmaq onun üçün həm böyük şərəf, həm də böyük məsuliyyətdir. Güclü qadın anlayışı yalnız səhnədə deyil, gecə növbələrində, əməliyyat otaqlarında, çətin qərar anlarında formalaşır. O, tədbirin keçirilməsinə göstərdiyi dəstəyə görə ATU-nun rektoru, professor Gəray Gəraybəyliyə təşəkkürünü bildirib.
Daha sonra Azərbaycan tibbinin təməlini qoymuş, artıq aramızda olmayan xanım həkimlərin xatirəsinə həsr olunmuş videoçarx izlənilib.
Y.Rüstəmova qeyd edib ki, həmin qadınlar çətin dövrlərdə yaşasalar da, məktəb yaradıblar, tələbələr yetişdiriblər və səhiyyə sisteminin formalaşmasında mühüm rol oynayıblar.
Tədbirdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səhiyyə sahəsində gördüyü işlər də xüsusi vurğulanıb. Bildirilib ki, onun təşəbbüsü ilə ölkədə yeni klinikalar və xəstəxanalar açılıb, regionlarda səhiyyə infrastrukturu genişləndirilib, Heydər Əliyev Fondunun dəstəyi ilə talassemiya və digər mürəkkəb xroniki xəstəliklərlə mübarizə proqramları həyata keçirilib. Bu fəaliyyətin akademik Zərifə xanım Əliyevanın qoyduğu humanist və elmi ənənənin davamı olduğu diqqətə çatdırılıb. Həmçinin videoçarxda haqqında danışılan görkəmli xanım həkimlərin övlad və nəvələrinin bu günkü tədbirdə iştirak etməsi xüsusi vurğulanıb. Qeyd edilib ki, güclü qadınlar yalnız minlərlə tələbəyə deyil, öz ailələrinə də böyük ilham mənbəyi olublar.
Tədbirin gedişində Azərbaycan kardiologiyası və terapiyası sahəsində tanınmış xanım həkimlər Azərbaycan Kardiologiya Cəmiyyəti adından təltif olunublar. Sədr bildirib ki, bu təltif sadəcə plaket deyil, xidmətlərin layiqli tanınması, təşəkkür və hörmət ifadəsidir.
Mükafatlandırılan həkimlər öz ürək sözlərini bölüşərək təşəkkürlərini bildiriblər.
Tədbir çərçivəsində iki sessiya təşkil olunub. Sessiyaya kardioloqlar Gülanə Ağayeva və Şəfa Şahbazova moderatorluq ediblər. Həkim Aysel İslamlı “Qadın ürəyi niyə fərqlidir və niyə gec diaqnoz qoyulur?”, ginekoloq, uzman həkim Rəxşəndə Aslanova isə “Hormonlar, menstrual dövr və ürək sağlamlığı” və “Yaşlanmamaq üçün nə edək?” mövzularına toxunub.
İkinci sessiyayanın moderatoru Xatirə Abduləlimova və Şahanə Ələsgərli olub. Sessiyada dermatoloq, tibb üzrə fəlsəfə doktoru Günay Fərəcova “Yaşlanmamaq üçün nə edək, nələrə diqqət etməliyik?” və “İfrata varmamaq yolları”, nutrisioloq Tutu Zeynalova “Kifayət qədər gücüm olsun deyə necə qidalanmalıyam?” və “1 gün - 1 qadın üçün ideal menyu”, psixiatr Gülay Məmmədzadə isə “Qadın cəmiyyətdə, ailədə və peşəkar həyatda: balansı necə saxlayaq?” və “Stressin azaldılması yolları” mövzularında çıxış ediblər.
Daha sonra ATU-nun Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultan, ETKİ-nin direktoru, professor Gülnaz Dadaşova, “Məlhəm” Beynəlxalq Hospitalının direktoru Sevda Əlizadə və “PAŞA Həyat” İdarə Heyətinin sədri Ülviyyə Cabbarova çıxış edərək tədbirin əhəmiyyətini vurğulayıb və təşəkkürlərini bildiriblər.
Sonda Azərbaycan Kardiologiya Cəmiyyətinin nümayəndəsi tərəfindən Yasmin Rüstəmova təltif olunub.

