Uşaqlar üçün "FotoBax" milli foto müsabiqəsinə start verilib
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın himayəsi və "Reza Visual Academy" assosiasiyasının təsisçisi, beynəlxalq miqyasda tanınmış fotoqraf Reza Deqatinin təşəbbüsü ilə həyata keçirilən "Children`s Eyes on Earth" ("Yer kürəsi uşaqların gözü ilə") beynəlxalq fotoqrafiya layihəsi çərçivəsində Azərbaycanda "FotoBax" adlı milli foto müsabiqəsinə start verilir.
IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə təşkil olunan müsabiqə "Təbiəti sevirəm - Azərbaycan" mövzusuna həsr olunur.
Müsabiqə 23 mart 2026-cı ildə rəsmi olaraq başlayır və müraciətlərin qəbulu 21 sentyabr 2026-cı ilədək davam edəcək.
Qeyd edək ki, 18 yaşadək uşaq və yeniyetmələr üçün nəzərdə tutulan müsabiqə yaz və yay mövsümlərini əhatə edəcək. İştirakçılar Azərbaycanın zəngin təbiətini, o cümlədən meşələrini, çay və göllərini, flora və faunasını öz obyektivləri vasitəsilə əks etdirməyə dəvət olunurlar.
Müsabiqənin məqsədi gənc fotoqrafları dəstəkləmək, onlar üçün yaradıcılıq imkanları yaratmaq və eyni zamanda, uşaq və yeniyetmələr arasında ekoloji maarifləndirməni gücləndirməkdir. Müsabiqə vasitəsilə uşaqlar təbiətə münasibətlərini, eləcə də ətraf mühitin qorunmasının vacibliyinə dair baxışlarını fotoqrafiya dili ilə ifadə etmək imkanı əldə edəcəklər.
IDEA İctimai Birliyinin tərəfdaşlığı ilə icra olunan "Children`s Eyes on Earth" təşəbbüsü Reza Deqati tərəfindən həyata keçirilir və uşaqların ətraf mühitə baxışını fotoqrafiya vasitəsilə nümayiş etdirməyi hədəfləyir. Beynəlxalq səviyyədə keçirilən layihə indiyədək 100-dən çox ölkədən 7000-dən artıq fotoşəkli bir araya gətirib.
Müsabiqədə iştirak qaydaları, şəkillərin göndərilməsi və daha ətraflı məlumat əldə etmək üçün www.fotobax.az rəsmi internet səhifəsinə müraciət edə bilərsiniz.

