Vatsapda daha bir - Yenilik

Vatsapda daha bir

Dünyanın ən məşhur mesajlaşma platformalarından biri olan Vatsap mesajların avtomatik silinməsi funksiyasında mühüm dəyişiklik etməyə hazırlaşır. Şirkət hazırda “oxunduqdan sonra silinmə” sistemi üzərində işləyir.

“Qafqazinfo” xəbər verir ki, yeni funksiyaya əsasən, vaxtlı mesajların silinmə taymeri mesaj göndərilən andan deyil, qarşı tərəf tərəfindən oxunduqdan sonra işə düşəcək.

Hazırkı sistemdə isə geri sayım mesaj göndərildiyi anda başlayır. Bu səbəbdən bəzi hallarda istifadəçilər mesaja baxmamış belə onun avtomatik silinməsi problemi ilə qarşılaşırlar.

Sınaqdan keçirilən funksiyaya görə, mesajı alan şəxs onu açıb oxuduğu zaman silinmə müddəti aktivləşəcək. Oxunma faktı isə ənənəvi “mavi işarə” ilə müəyyən ediləcək.

İstifadəçilər mesajın 5 dəqiqə, 1 saat, 12 saat ərzində avtomatik silinməsini seçə biləcəklər.

Vatsap təhlükəsizlik məqsədilə əlavə məhdudiyyət də tətbiq etməyi planlaşdırır. Əgər mesaj 24 saat ərzində heç vaxt açılmazsa, sistem həmin məlumatı avtomatik olaraq siləcək.

Yeni funksiyanın diqqətçəkən məqamlarından biri də göndərən və alıcı tərəfində fərqli mexanizmlə işləməsidir.

Belə ki, göndərənin ekranında mesaj göndərildikdən 5 dəqiqə sonra yox olacaq. Lakin alıcı tərəfində geri sayım yalnız mesaj açıldıqdan sonra başlayacaq.

Məlumata görə, istifadəçi məxfiliyini qorumaq məqsədilə yeni xüsusiyyət standart olaraq deaktiv vəziyyətdə təqdim ediləcək. İstifadəçilər funksiyanı yalnız istədikləri söhbətlər üçün aktivləşdirə biləcəklər.

Hazırda beta versiyada test edilən yeniliyin bütün istifadəçilər üçün nə vaxt istifadəyə veriləcəyi isə açıqlanmayıb.