Yango Azerbaijan Ramazan ayında xeyirxah təşəbbüsləri dəstəklədi
Müqəddəs Ramazan ayı ərzində "Yango Azerbaijan" xeyriyyəçilik və dəstəkyönümlü bir sıra təşəbbüslərə qoşularaq, xüsusilə köməyə ehtiyacı olan insanlara, eləcə də şəhərin inkişafına və insanların hərəkətliliyinə gündəlik töhfə verən şəxslərə dəstək göstərib.

Şirkət daimi ənənəsinə sadiq qalaraq "Nargis Fondu"nun aksiyasını dəstəkləyib. Martın 11-i və 12-də Bakının müxtəlif qəsəbə və rayonlarından olan 200-dən çox aztəminatlı ailəyə Ramazana hazırlıq üçün ərzaq bağlamaları təqdim olunub. "Yango Azerbaijan" aldıqları yardımla yanaşı ailələrin rahat şəkildə evlərinə çatdırılmasını təmin edib.
“Biz yalnız texnologiya şirkəti kimi deyil, fəaliyyət göstərdiyimiz cəmiyyətin bir hissəsi kimi də faydalı olmağa çalışırıq. Belə layihələrin dəstəklənməsi, xüsusilə də Ramazan kimi mühüm ayda həmrəylik və qarşılıqlı yardımı gücləndirməyə töhfədir”, — deyə şirkətdən bildirilib.

Ay ərzində oruc tutaraq fəaliyyət göstərən kuryer tərəfdaşlara da xüsusi diqqət ayrılıb. Şəhərin müxtəlif yerlərində onlara iftar üçün su və yüngül qidalardan ibarət paketlər təqdim olunub ki, iş zamanı vaxtında oruclarını aça bilsinlər.
Bu paketlər sadə, amma əhəmiyyətli bir mesajla təqdim olunub — “Sifarişləri çatdıranlara qayğı ilə” — bu, xidmətin fasiləsiz işləməsini təmin edən insanlara göstərilən diqqət və hörmətin ifadəsidir.

Beləliklə, "Yango Azerbaijan" Ramazan ayı ərzində həm ailələrə, həm də tərəfdaşlarına dəstək olaraq insanları bir araya gətirir və qarşılıqlı yardımın vacibliyini xatırladır.



