“Zəfər Rəqsi” bədii filminin bu ilki beynəlxalq zəfərləri
Azərbaycanın Qarabağ Zəfərinin beş illiyinə həsr edilən “Zəfər Rəqsi” qısametrajlı bədii filmi bu həftə Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Beliye Noçi” (Bəyaz Gecələr) 10-cu Beynəlxalq Film Festivalının yubiley proqramına salınıb. Festivalda 17 ölkənin 90 filmi iştirak edir. Sankt-Peterburqun Nevski meydanında yerləşən “Kinoloft Moskva” zalında baş tutacaq nümayişlərə giriş sərbəstdir. Azərbaycan filminin nümayişi 24 aprel saat 18:00-dədir.
“Beliye Noçi” Beynəlxalq Film Festivalına seçilməsi “Zəfər Rəqsi” filminin ilin əvvəlindən qazandığı dördüncü uğurudur. Müharibədə ayaqlarını itirən Qarabağ qazisi Cəlalın ailə həyatını təsvir edən film 2026-cı ildə Hindistanın Kəlküttə şəhərində keçirilən “Golden Lion” Beynəlxalq Film festivalında “Ən yaxşı xarici qısametrajlı film” nominasiyasında qalib, Kanadanın Toronto şəhərində keçirilən “Toronto International Short Film Awards” festivalında isə “Ən yaxşı aktyor” nominasiyasında filmin qəhrəmanını canlandıran Azər Aydəmir qalib elan olunub. İsveçdə keçirilən “Lulea International Film Festival”-ında Azərbaycan filmi finala vəsiqə qazanıb. “Zəfər Rəqsi” filmi bu il həmçinin Almaniyanın paytaxtı Berlində nüfuzlu 76-cı Berlinale Film Festivalı günləri zamanı təşkil edilən “Azərbaycan Kino Günləri”nin açılış mərasimində təqdim edilib.
ASAN TV-nin “Ədibin Evi” ilə birgə ərsəyə gətirdiyi “Zəfər Rəqsi” (The Dance of Triumph) qısametrajlı bədii film Mir Cəlal adına Hekayə Müsabiqəsinin qalib əsəri Yaşar Bünyadın “Heyvagülü” hekayəsinin motivləri əsasında çəkilib. “Balakhani Operating Company LTD” hasilat şirkətinin dəstəyi ilə çəkilən filmin rejissoru Gəray Həsəndir. Baş rolları Azər Aydəmir, Günay Əhməd, Nurlan Mürsəlzadə və Niyaz İlyasoğlu canlandırıblar. Filmin bəzi səhnələrində hasilat şirkətində çalışan qazilər də çəkiliblər.
Qeyd edək ki, Azərbaycan neft hasilatının beşiyi hesab edilən Balaxanı həm də Azərbaycan milli kinosunun başlanğıc yeridir. Kino tariximiz rejissor Aleksandr Mişonun 1898-ci ilin avqustunda çəkdiyi “Balaxanıda neft fontanı” adlı qısametrajlı sənədli filmlə başlayır.


