1000 manat maaşın nə qədəri xərclənməli, nə qədəri yığılmalıdır?

1000 manat maaşın nə qədəri xərclənməli,

Ayın sonuna pulunun çatmadığını deyənlərin sayı az deyil. Maliyyə mütəxəssisləri isə hesab edirlər ki, problemin səbəbi hər zaman maaşın az olması deyil, büdcənin plansız idarə olunması da buna təsir edir. Bu baxımdan ən çox tövsiyə edilən üsullardan biri 50-30-20 büdcə qaydasıdır.

Bu metod aylıq gəlirin üç əsas hissəyə bölünməsini nəzərdə tutur və həm gündəlik xərcləri nəzarətdə saxlamağa, həm də gələcək üçün maliyyə ehtiyatı yaratmağa kömək edir.

Qaydaya əsasən, aylıq gəlirin:

50 faizi zəruri ehtiyaclara ayrılmalıdır. Buraya kirayə və ya ipoteka ödənişi, kommunal xərclər, ərzaq, nəqliyyat, internet və digər vacib ödənişlər daxildir.
30 faizi şəxsi istəklər üçün nəzərdə tutulur. Restoranlar, alış-veriş, əyləncə, səyahət, kino və müxtəlif abunə xidmətləri bu kateqoriyaya daxildir.
20 faizi isə gələcək üçün ayrılmalıdır. Bu məbləğ əmanət, investisiya və ya kredit borclarının vaxtından əvvəl ödənilməsi üçün istifadə oluna bilər.

Məsələn, aylıq gəliri 1000 manat olan şəxs bu qaydaya uyğun olaraq:

500 manatı zəruri xərclərə;
300 manatı şəxsi istəklərinə;
200 manatı isə yığım və ya investisiyaya ayıra bilər.

Mütəxəssislər bildirirlər ki, ilk addım gəlirin deyil, xərclərin hesablanmasıdır. Bunun üçün son iki-üç ay ərzində edilən bütün ödənişlər nəzərdən keçirilməli, daha sonra isə onların hansı kateqoriyaya aid olduğu müəyyən edilməlidir. Bu üsul lazımsız xərcləri görməyə və qənaət imkanlarını üzə çıxarmağa kömək edir.

Onların sözlərinə görə, hər kəsin maliyyə vəziyyəti fərqli olduğundan 50-30-20 qaydasına tam əməl etmək həmişə mümkün olmur. Xüsusilə kirayə və ya kredit ödənişləri yüksək olan şəxslərdə zəruri xərclərin payı daha çox ola bilər. Buna baxmayaraq, ekspertlər gəlirin az da olsa bir hissəsinin mütləq yığım və ya investisiyaya yönəldilməsini tövsiyə edirlər.

Maliyyə mütəxəssisləri hesab edirlər ki, büdcənin planlı idarə olunması təkcə qənaət etməyə deyil, gözlənilməz xərclər zamanı borclanma riskini azaltmağa da kömək edir. Bu səbəbdən 50-30-20 qaydası dünyada şəxsi maliyyənin idarə edilməsində ən sadə və praktik üsullardan biri hesab olunur. (Valyuta.az)