12,7 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib
Bu ilin yanvar–noyabr ayları ərzində Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlara ümumilikdə 12,7 milyon manat güzəştli maliyyə dəstəyi göstərilib.
Muxtar Respublikanın İqtisadiyyat Nazirliyinin məlumatına görə, bu vəsait 135 layihənin maliyyələşdirilməsinə yönəldilib. Ötən ilin eyni dövrü ilə müqayisədə ayrılan güzəştli kreditlərin məbləği 9,9 milyon manat və ya 4,6 dəfə, layihələrin sayı isə 5,4 dəfə artıb. Maliyyələşdirilən layihələr hesabına 350 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Hesabat dövründə maliyyələşdirilən layihə sayının 72,6 faizi kənd təsərrüfatı, 17 faizi xidmət, 10,4 faizi isə sənaye sahələrinə yönəldilib. Layihələrin 93,3 faizi, güzəştli kredit məbləğinin isə 69,8 faizi regionlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin payına düşüb.

