14 İyulun tarixi missiyası: Güclü Azərbaycanın təməli

14 İyulun tarixi missiyası:

1969-cu il iyulun 14-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Birinci katibi seçilməsi respublikanın inkişafında yeni mərhələnin əsasını qoydu. Ulu Öndərin rəhbərliyi ilə idarəetmə sistemi təkmilləşdirildi, iqtisadi inkişaf sürətləndirildi, milli-mənəvi dəyərlərin qorunmasına xüsusi önəm verildi və gələcək müstəqil Azərbaycanın möhkəm təməli formalaşdırıldı.

Həmin dövrdə Azərbaycan SSR bir sıra sosial-iqtisadi problemlərlə üzləşmişdi. Sənaye və kənd təsərrüfatında inkişaf tempi zəifləmiş, idarəetmədə səmərəsizlik və intizam problemləri özünü göstərirdi. Respublikanın malik olduğu zəngin təbii və insan resurslarından tam istifadə olunmur, bu isə inkişafın qarşısında ciddi maneələr yaradırdı. Məhz belə bir şəraitdə rəhbərliyə gələn Heydər Əliyev idarəçilikdə məsuliyyət, peşəkarlıq və yüksək intizam prinsiplərini ön plana çıxardı.

Ümummilli Lider qısa müddət ərzində iqtisadiyyatın müxtəlif sahələrində əsaslı dəyişikliklərə nail oldu. Yeni sənaye müəssisələri yaradıldı, neft və maşınqayırma sənayesinin inkişafına xüsusi diqqət ayrıldı, kənd təsərrüfatında məhsuldarlığın artırılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirildi. Respublikanın şəhər və rayonlarında məktəblər, xəstəxanalar, mədəniyyət ocaqları, yaşayış binaları və digər sosial obyektlər inşa edildi. Azərbaycan tədricən ittifaq miqyasında sürətlə inkişaf edən respublikalardan birinə çevrilməyə başladı.

Lakin Ulu Öndərin fəaliyyəti yalnız iqtisadi sahə ilə məhdudlaşmırdı. O, yaxşı anlayırdı ki, güclü dövlət yalnız iqtisadi göstəricilərlə deyil, həm də milli-mənəvi dəyərlərin qorunması və milli özünüdərkin möhkəmləndirilməsi ilə inkişaf edə bilər. Məhz bu səbəbdən Azərbaycan dilinin, milli mədəniyyətin və tarixi irsin qorunmasına xüsusi diqqət göstərildi. Nizami Gəncəvi, Məhəmməd Füzuli, İmadəddin Nəsimi, Üzeyir Hacıbəyli və digər görkəmli şəxsiyyətlərin yubileylərinin yüksək səviyyədə keçirilməsi, onların irsinin geniş təbliği milli şüurun möhkəmlənməsinə mühüm töhfə verdi.

Xalqın xilaskarı Heydər Əliyevin uzaqgörən siyasətinin ən mühüm istiqamətlərindən biri də peşəkar milli kadrların hazırlanması idi. Onun təşəbbüsü ilə minlərlə azərbaycanlı gənc SSRİ-nin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərildi. Sonrakı illərdə həmin mütəxəssislər müstəqil Azərbaycanın dövlət idarəçiliyində, elmində, iqtisadiyyatında və Silahlı Qüvvələrində mühüm vəzifələr tutaraq ölkənin inkişafına töhfə verdilər. Eyni zamanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılması gələcək milli zabit korpusunun formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyırdı.

1990-cı illərin əvvəllərində Azərbaycan dövlət müstəqilliyini bərpa etsə də, ölkə ağır siyasi, iqtisadi və hərbi böhranla üz-üzə qaldı. Hakimiyyətdə olan AXC–Müsavat iqtidarının səriştəsiz idarəçiliyi, daxili çəkişmələr və hərbi-siyasi sahədə buraxılan ciddi səhvlər dövlətçiliyi təhlükə qarşısında qoydu. Torpaqların işğalı davam edir, iqtisadi tənəzzül dərinləşir, ölkədə xaos və anarxiya hökm sürürdü. Belə mürəkkəb şəraitdə xalq nicat yolunu yenidən Heydər Əliyevin hakimiyyətə qayıdışında gördü.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər qısa müddətdə ölkədə ictimai-siyasi sabitliyi təmin etdi, dövlət institutlarını möhkəmləndirdi və Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirdi. Onun müəllifi olduğu neft strategiyası, hüquqi dövlət quruculuğu, ordu quruculuğu və balanslaşdırılmış xarici siyasət ölkənin gələcək inkişafının əsas istiqamətlərini müəyyən etdi.

Ümummilli Liderin müəyyən etdiyi siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Güclü iqtisadiyyatın qurulması, müasir ordunun formalaşdırılması və milli maraqlara əsaslanan siyasətin nəticəsi olaraq Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ölkənin dövlətçilik tarixinin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilir.

Bu gün Azərbaycan regionun aparıcı dövlətlərindən biri kimi siyasi, iqtisadi və hərbi baxımdan mövqeyini daha da möhkəmləndirir. Əldə olunan uğurların əsasında isə 1969-cu il iyulun 14-də başlanan inkişaf kursu, Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik strategiyası və bu siyasətin ardıcıl şəkildə davam etdirilməsi dayanır. 

Millət vəkili
Azər Allahverənov