17 ildir Mərkəzi Bankda departament direktoru idi - Baş direktor təyin edildi

17 ildir Mərkəzi Bankda departament direktoru idi

Azərbaycan Mərkəzi Bankının (AMB) Pul siyasəti departamentinin direktoru Azər Ələsgərov qurumun baş direktoru təyin edilib.

Bu barədə Mərkəzi bankın veb-saytında məlumat yerləşdirilib.

2026-ci ilin oktyabr ayının 1-dən etibarən Mərkəzi Bankın baş direktoru vəzifəsinə təyin edilmişdir. Bununla da, baş direktorların sayı yenidən 10-a çatıb.

Yeni baş direktor bu vəzifədə avqustda işdən çıxmış Vüqar Əhmədovu əvəz edib.

Azər Ələsgərov 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad İnstitutunun “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə bakalavr, 1999-cu ildə isə həmin universitetin eyni ixtisası üzrə magistr dərəcəsindən məzun olmuşdur.

Əmək fəaliyyətinə 1997-ci ildə Mərkəzi Bankın Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı ekspert vəzifəsi ilə başlamışdır. 1997-2000-ci illərdə Pul-kredit siyasəti departamentinin Pul-kredit siyasəti şöbəsində aparıcı iqtisadçı, 2000-2005-ci illər ərzində isə Monetar siyasət departamentinin İqtisadi tədqiqatlar şöbəsində baş iqtisadçı və daha sonra şöbə rəisi vəzifələrində çalışmışdır. 2005-2009-cu illərdə Pul siyasəti departamentində Pul və məzənnə siyasəti şöbəsinin rəisi, həmin departamentin direktor müavini - Pul və məzənnə siyasəti şöbəsinin rəisi vəzifələrində fəaliyyətini davam etdirmişdir. 2009-cu ilin iyun ayından 2026-cı ilin oktyabr ayınadək Pul siyasəti departamentinin direktoru vəzifəsində işləmişdir.

2012-ci ildə Azərbaycan Respublikasında bank işinin inkişaf etdirilməsindəki xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Azər Ələsgərov xarici və yerli jurnal və qəzetlərdə dərc edilmiş, sosial-iqtisadi problemlərə həsr olunmuş 90-dan çox analitik məqalənin müəllifidir.

Ailəlidir, 2 övladı var.

Marja.az