Neft qiymətləri Yaxın Şərqdəki hücumlara baxmayaraq ikinci həftə ucuzlaşa bilər
Neft qiymətləri ardıcıl iki günlük artımdan sonra ikinci həftəni də azalma ilə başa vurmağa doğru gedir. “Brent”in bir bareli 95,87 ABŞ dollarına satılıb.
Neft qiymətləri Yaxın Şərqdən gələn xəbərlər fonunda ardıcıl iki gün artsa da, ikinci həftəni də azalma ilə başa vurmağa doğru gedir. Bu barədə BusinessTime "OilPrice"a istinadən xəbər verir.
Məlumatın hazırlandığı vaxt "Brent" markalı neftin bir bareli 95,87 ABŞ dollarına, WTI markalı neftinki isə 88,49 ABŞ dollarına satılıb. Qiymətlər oktyabrın ortasındakı ən yüksək səviyyədən kəskin aşağı düşüb. Bununla belə, hər iki markanın qiyməti müharibənin başlamasından əvvəlki fevral səviyyəsindən xeyli yüksəkdir.
Mənbənin yazdığına görə, münaqişə ilə bağlı siqnallar ziddiyyətli olaraq qalır. İranın Hörmüz boğazında tankerlərə hücumları davam edir, sülh sazişinin əldə edilməsi ehtimalı isə aşağı görünür. ABŞ Prezidenti Donald Tramp bu həftə ölkəsinin İranla razılaşmaya ehtiyacı olmadığını deyib.
İran mənbələrinin məlumatına görə, boğazdan keçidlə bağlı İranın göstərişlərinə əməl etməyən dörd gəmi hücuma məruz qalıb. Səudiyyə Ərəbistanında isə Yəmən husiləri enerji obyektlərini, o cümlədən Şərq-Qərb neft kəmərinin nasos stansiyasını və Yənbu liman şəhərindəki obyekti hədəfə alıblar.
Buna baxmayaraq, Səudiyyə Ərəbistanı ötən ay gündəlik xam neft hasilatının 10,56 milyon barelə yüksəldiyini açıqlayıb. Bu, müharibədən əvvəlki səviyyəyə yaxındır. "Aramco"nun baş direktoru şirkətin ilin sonunadək hasilatı daha da artırmağı planlaşdırdığını deyib.


