"Microsoft" xidmətlərində qlobal nasazlıq 74 ölkədən şikayətlərə səbəb olub
"Microsoft"un qlobal nasazlığı e-poçt, görüş və süni intellekt xidmətlərinə təsir edib. Cümə axşamı 74 ölkədən təxminən 140 min nəfər "Outlook"la bağlı problem bildirmişdi.
"Microsoft" xidmətlərində qlobal nasazlıq nəticəsində cümə axşamı 74 ölkədən təxminən 140 min nəfər "Outlook"la bağlı problem barədə məlumat verib. Bu barədə BusinessTime "BBC Business"ə istinadən xəbər verir.
"Downdetector" monitorinq saytının məlumatına görə, e-poçt xidməti ilə bağlı şikayətlərin sayı cümə axşamı Qrinviç vaxtı ilə saat 18:00 radələrində ən yüksək həddə çatıb. Nasazlığın ümumi miqyası isə təsdiqlənməyib.
Bağlantı problemləri "Microsoft 365"in "Teams", "Outlook" və süni intellekt məhsulu "Copilot" da daxil olmaqla xidmətlərinə təsir edib. Bəzi istifadəçilər e-poçt göndərə və ya qəbul edə, müəyyən faylları və təqvim məlumatlarını görə bilməyiblər. Digərləri isə "Teams"in mesajlaşma və onlayn görüş funksiyalarından istifadə edə biliblər.
"Microsoft" nasazlığın kiberhücumla bağlı olmadığını bildirib və səbəbi infrastrukturuna düşən yükün artması ilə əlaqələndirib. Şirkətin məlumatına görə, çox sayda serverin gözlənilmədən əlçatmaz olması trafiki işlək serverlərə yönəldib. Cümə günü səhər şirkət problemi aradan qaldırmaq üçün səylərinin cüzi nəticə verdiyini açıqlayıb.
Nasazlıq digər şirkət və qurumlara da təsir edib. "OpenAI" və "Anthropic" problemlə üzləşdiklərini bildiriblər. Sinqapur hökuməti və Avstraliyanın kəşfiyyat qurumu da təsirə məruz qaldıqlarını açıqlayıblar. "Microsoft"un saytına görə, 430 milyondan çox insan "Microsoft 365" tətbiqlərindən istifadə edir.


