DOST əməkdaşı işdən çıxarılma məsələsi ilə bağlı nazirə müraciət etdi

DOST əməkdaşı işdən çıxarılma məsələsi ilə bağlı nazirə müraciət etdi

DOST Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin müdir müavini Teymur Hacıyev Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri, DOST Agentliyinin Müşahidə Şurasının sədri Anar Əliyevə açıq müraciət edib.

BusinessTime xəbər verir ki, Teymur Hacıyev sosial şəbəkə hesabında barəsində əmək müqaviləsinə xitam verilməsi ilə bağlı qərarın formalaşdırıldığını bildirərək, məsələnin yenidən və obyektiv şəkildə araşdırılmasını xahiş edib.

O, 2026-cı ilin sentyabrında barəsində xidməti araşdırma aparıldığını, araşdırma zamanı əməkdaşlıq etdiyini və yazılı izahatlar təqdim etdiyini bildirib. Hacıyevin sözlərinə görə, DOST Agentliyində araşdırma oktyabrın 2-də yekunlaşıb və ona qarşı irəli sürülən ittihamların təsdiqlənmədiyi qeyd olunub.

Müraciətdə Əmək Məcəlləsinin intizam tənbehinin tətbiqi müddətlərini müəyyən edən müddəalarına da istinad edilir. Hacıyev hesab edir ki, barəsində nəzərdə tutulan qərarın hüquqi əsasları və tətbiq edilən müddətlər yenidən qiymətləndirilməlidir.

Teymur Hacıyev həmçinin uzun illər ərzindəki peşəkar fəaliyyətinin, əldə etdiyi nəticələrin və təltiflərinin nəzərə alınmasını istəyib. O, əmək fəaliyyətinə görə Prezident İlham Əliyevin təşəkkürünə layiq görüldüyünü və müxtəlif təltiflər aldığını bildirib.

Müraciətdə Hacıyevin ailəsinin sosial vəziyyətinə də diqqət çəkilib. O, övladlarından birinin xüsusi qayğıya və reabilitasiya xidmətlərinə ehtiyacı olduğunu, işini itirməsinin ailəsinin maddi vəziyyətinə və övladının reabilitasiya imkanlarına təsir göstərə biləcəyini qeyd edib.

Hacıyev nazirlikdən xidməti araşdırmanın nəticələrinin, təqdim etdiyi sübutların və əmək müqaviləsinə xitam verilməsinin hüquqi əsaslarının yenidən, hərtərəfli və qərəzsiz şəkildə yoxlanılmasını xahiş edib. O, yekun qərar qəbul edilməzdən əvvəl mövqeyini şəxsən nazirə çatdırmaq istədiyini bildirib.