"Apple" kameralı "AirPods"u gələn ay təqdim edə bilər
"Apple" süni intellekt imkanlarını genişləndirməyə yönəlmiş kameralı yeni nəsil "AirPods" modellərini gələn ay təqdim etməyə hazırlaşır.
Valyuta.az xəbər verir ki, şirkətin əvvəlcə gələn il bazara çıxaracağı gözlənilən kameralı "AirPods" modellərindən birinin daha tez - gələn ay keçiriləcək yeni "iPhone" seriyasının təqdimat tədbirində nümayiş etdirilə biləcəyi iddia olunur.
Məlumata görə, iOS 27 əməliyyat sisteminin son sınaq versiyasının kodlarında aşkarlanan gizli istinadlar "Apple"ın iki fərqli kameralı "AirPods" modeli üzərində işlədiyini göstərir. Bunlardan birinin gələn il satışa çıxarılması planlaşdırılır. Digər model isə bu il təqdim edilərək istifadəçilərə süni intellekt əsaslı yeni təcrübə təqdim edə bilər.
Bildirilir ki, "AirPods"a inteqrasiya ediləcək kameralar foto və ya video çəkmək üçün nəzərdə tutulmayıb. Onların əsas funksiyası istifadəçinin ətraf mühitini analiz edərək süni intellekt dəstəkli imkanları təkmilləşdirmək olacaq.
Bu texnologiya sayəsində qulaqlıq ətrafdakı obyektləri və mühiti tanıyaraq "Apple"ın Visual Intelligence funksiyasının daha effektiv işləməsinə kömək edəcək. Beləliklə, bəzi hallarda istifadəçinin ətrafı haqqında məlumat birbaşa "AirPods" vasitəsilə əldə oluna biləcək və "iPhone" kamerasına ehtiyac azalacaq.
Məlumata əsasən, "Siri" də bu kameralardan istifadə edərək istifadəçinin baxdığı obyektləri və olduğu mühiti real vaxt rejimində analiz edəcək. Sistem istifadəçinin gördüklərini kontekstə uyğun qiymətləndirərək süni intellekt əsaslı cavablar təqdim edəcək. Bu yanaşmanın Google Gemini Live-ın canlı kamera funksiyasına bənzər işləyəcəyi bildirilir.
Qeyd olunur ki, "Apple" əməkdaşları may ayından etibarən bu cihazların prototiplərini sınaqdan keçirirlər. Yeni nəsil "AirPods" modellərinin premium seqmentdə mövqeləndiriləcəyi və hazırda satışda olan "AirPods Pro" modelindən daha yüksək qiymətə təqdim ediləcəyi gözlənilir. İlkin proqnozlara görə, cihazın satış qiyməti 249 ABŞ dollarından yuxarı olacaq.


