AQC Elmi-Metodoloji Şurasının növbəti iclası keçirilib

AQC Elmi-Metodoloji Şurasının növbəti iclası keçirilib

Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti (AQC) Elmi-Metodoloji Şurasının növbəti iclası keçirilib. “Zoom” platforması üzərindən onlayn formatda baş tutan iclasda qiymətləndirmə sektorunun elmi-nəzəri bazasının gücləndirilməsi və kadr hazırlığı məsələləri əsas müzakirə mövzusu olub.

İclası giriş sözü ilə açan AQC İdarə Heyətinin sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti Vüqar Oruc Cəmiyyətin qarşısında duran prioritet vəzifələrdən danışıb. Sədr bildirib ki, peşəkar fəaliyyətin elmi əsaslarla tənzimlənməsi məqsədilə təsis edilən “Qiymətləndirmə və İqtisadiyyat” jurnalının çap olunması sektor üçün tarixi əhəmiyyət kəsb edir. Jurnalın ilk sayının hazırlıq prosesi, redaksiya heyətinin tərkibi və əhatə edəcəyi mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb. V.Oruc vurğulayıb ki, bu nəşr həm yerli mütəxəssislər üçün metodoloji mənbə, həm də beynəlxalq təcrübənin ölkəmizə transferi üçün platforma rolunu oynayacaq.

Gündəliyin digər mühüm bəndi Dövlət İmtahan Mərkəzinin (DİM) AQC-yə rəsmi müraciətinin müzakirəsi olub. DİM tərəfindən qiymətləndiricilərin sertifikatlaşdırılması üzrə imtahan proqramlarının təkmilləşdirilməsi üçün AQC-nin rəy və təklifləri istənilib.

Elmi-Metodoloji Şuranın sədri, AQC sədrinin müavini, Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru İbrahim Quliyev mövzu ilə bağlı çıxış edərək imtahan proqramlarında metodoloji dəqiqliyin vacibliyini qeyd edib. Şura tərəfindən imtahan sualları və proqram çərçivəsi dərindən təhlil edilərək, müasir beynəlxalq standartlara və yerli qanunvericiliyin tələblərinə uyğun düzəlişlərin hazırlanması ilə bağlı şura üzvlərinə müvafiq tapşırıqlar verilib.

İclasda çıxış edən iqtisad elmləri namizədi, Azərbaycan Respublikasının əməkdar müəllimi, Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq magistratura və doktorantura mərkəzinin iqtisadiyyat və idarəetmə kafedrasının dosenti Asiman Quliyev, Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun şöbə müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir, Bakı Avrasiya Universitetinin kafedra müdiri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Vüsalə Nağıyeva, Bakı Avrasiya Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Pərvin Verdiyeva, AQC sədrinin müşaviri, Beynəlxaq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov çıxış edərək jurnalın strukturu və imtahan proqramına dair təkliflər irəli sürüblər.

Yekunda bildirilib ki, hər iki istiqamət üzrə işçi qruplar yaradılacaq və qısa müddət ərzində yekun rəylər həm redaksiya heyətinə, həm də Dövlət İmtahan Mərkəzinə təqdim olunacaq.