"Azərbaycan Dəmir Yolları" karbon kreditlərinin satışına hazırlaşır
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) beynəlxalq karbon bazarı mexanizmlərinə inteqrasiya olunaraq karbon kreditlərinin kommersiyalaşdırılması istiqamətində fəaliyyətini genişləndirməyi planlaşdırır.
Bu barədə Plat.az-a şirkətdəki mənbədən bildirilib.
Qeyd edilib ki, ADY beynəlxalq karbon bazarı mexanizmlərinə uyğun korporativ səviyyədə karbon ticarəti bölməsi (carbon trading desk) yaratmağı hədəfləyir. Bu bölmənin əsas məqsədi karbon kreditlərini kommersiyalaşdırmaq və qlobal istixana qazı emissiyalarının azaldılması məqsədlərinə töhfə verməkdir. Bu təşəbbüsün həyata keçirilməsində ADY-yə Asiya İnkişaf Bankı dəstək verir.
Məlumata görə, ADY son illərdə bir sıra dekarbonizasiya tədbirləri həyata keçirib. Bunlara dəmir yolu xətlərinin elektrikləşdirilməsi, 2024-cü ildə ilk dayanıqlılıq hesabatının dərc olunması, eləcə də ADB-nin dəstəyi ilə dekarbonizasiya siyasəti və çərçivə sənədinin hazırlanması daxildir.
Dəmir yolu sektorunda emissiyaların azaldılması baxımından əsas potensial təkcə elektrikləşdirmədə deyil, yük və sərnişin daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçirilməsindədir. Məlumata görə, qatarla daşınmada bir sərnişin üzrə istixana qazı emissiyaları şəhərlərarası avtobuslarla müqayisədə 3–5 dəfə, yük daşımalarında isə avtomobil nəqliyyatından 3–7 dəfə aşağıdır. Bu isə dəmir yolunun karbon emissiyalarının azaldılmasında mühüm rol oynaya biləcəyini göstərir.
Bununla yanaşı, vurğulanır ki, yüksək sürətli dəmir yolları istisna olmaqla, hazırda yük və sərnişin daşımalarının avtomobil nəqliyyatından dəmir yoluna keçidini karbon bazarında dəstəkləyən beynəlxalq metodologiya mövcud deyil. Buna görə də belə layihələrin karbon bazarında qeydiyyata alınması üçün əvvəlcə müvafiq metodologiyanın hazırlanmasına ehtiyac var.


