Azərbaycan dövlətinin gənclər siyasəti - ŞƏRH

Azərbaycan dövlətinin gənclər siyasəti

Bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.

Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ümummilli Lider Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün zamanlarda gənc nəslə xüsusi diqqət və qayğı ilə yanaşmışdır. Müstəqqilliyimizin bərpasından bir müddət sonra 1993-cü ildə ölkənin ən ağır vaxtında xalqın təkidli tələbi ilə Ulu Öndərin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqət dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. Müxtəlif dövlət orqanlarının gənclərlə iş sahəsindəki fəaliyyətini əlaqələndirmək məqsədi ilə Heydər Əliyev 1994-cü il 26 iyul tarixli Fərmanı imzaladı və Azərbaycanda Gənclər və İdman Nazirliyi yaradıldı. Fenomen şəxsiyyətin gənclərlə bağlı imzaladığı bir çox sənədlər ölkənin ictimai-siyasi həyatında gənclərin daha fəal iştirakı üçün şərait yaratmış, gənclər siyasətinin məqsəd, prinsip və istiqamətlərini, habelə təşkilati-hüquqi əsaslarını müəyyən etmişdir.

Azərbaycanın ilbəil artan iqtisadi qüdrəti gənclərin fiziki, intellektual və mənəvi inkişafının təmin olunması, sosial problemlərinin həlli, innovativ ideya və təşəbbüslərinin dəstəklənməsi, bilik və bacarıqlarının üzə çıxarılması istiqamətində daha təsirli tədbirlər görməyə, irimiqyaslı proqram və layihələr reallaşdırmağa imkan verir. Təqdirəlayiq haldır ki, bu gün cəmiyyətin ən fəal hissəsi olan gənclər Respublikamızın sosial-iqtisadi və ictimai-siyasi həyatında yaxından iştirak edirlər. Onlar elm, təhsil, mədəniyyət, idman və hərbi hazırlıq sahəsində uğurlar qazanaraq, Azərbaycanın dünyada tanıdılmasına, Vətənimizin qorunmasına və dövlət müstəqilliyimizin möhkəmləndirilməsinə layiqli töhfələrini verirlər. Əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasəti bu gün onun layiqli davamçısı Müzəffər Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkə başçımızın gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına yönələn tədbirləri dövlətin uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilməlidir.

Bu gün müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan birini də cəmiyyətin ən dinamik təbəqəsi qismində çıxış edən gənclərin potensialından səmərəli istifadə təşkil edir. Aydındır ki, bu cənab Prezident İlham Əliyevin gələcəyə hesablanmış uğurlu siyasətinin təcəssümüdür. Sevindiricidir ki, bu gün gənclər siyasəti ölkədə həyata keçirilən inkişaf siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilmişdir və gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır və atacaqdır. Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, Qalib Dövlətin vətəndaşıdır. 

Müşfiq Əlili
Neftçala rayon gənci