Azərbaycan qızıl ixracından gəlirini 34% artırıb

Azərbaycan qızıl ixracından gəlirini 34% artırıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 239,4 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı il üçün avqust sayında bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 60,6 milyon ABŞ dolları və ya 33,9% çoxdur.

Təkcə iyulda isə Azərbaycan 37,2 milyon ABŞ dolları dəyərində qızıl ixrac edib ki, bu da ötən ilin eyni dövrünı nisbətən 3,3 milyon ABŞ dolları və ya nisbətən 9,7% çoxdur.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı (qeyri-monetar qızıl istisna olmaqla) 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 18,3% artaraq 2,5 milyard ABŞ dolları təşkil edib.

Qızılın Azərbaycan iqtisadiyyatındakı əhəmiyyəti yalnız ixrac göstəriciləri ilə məhdudlaşmır. Qiymətli metal Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelinin ən böyük komponentidir və fondun aktivlərinin 36%-ni təşkil edir.

Beynəlxalq reytinq agentliyi “Fitch Ratings”in yeni hesabatına görə, 2026-cı ilin birinci rübünün sonuna ARDNF-in aktivləri 73,5 milyard ABŞ dolları təşkil edib ki, bu da Azərbaycanın 2026-cı il üçün proqnozlaşdırılan ÜDM-nin 93,2%-nə bərabərdir.

“Fitch” qeyd edir ki, 2023-cü ildən 2026-cı ilin birinci rübünə qədər ARDNF aktivlərinin 19,4 milyard dollar artmasına qızıl aktivləri birbaşa töhfə verib. Bu artımın 26%-i həcm effekti hesabına formalaşıb.