Azərbaycan regionda nəqliyyat və tranzit imkanlarının genişləndirilməsinə diqqət yetirir
Müasir dünyada ölkələr arasında iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin genişlənməsi nəqliyyat və logistika infrastrukturlarının inkişafını zəruri edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev XIII Qlobal Bakı Forumu çərçivəsində çıxışında müasir dövrdə mühüm əhəmiyyət kəsb edən digər bir istiqamət – nəqliyyat və logistika sahəsində bağlılıq məsələlərinə də geniş toxunmuşdur. Ölkə başçısı qeyd etmişdir ki, hazırkı mürəkkəb geosiyasi şəraitdə dövlətlər və regionlar arasında əlaqələrin qorunması və nəqliyyat marşrutlarının sabit fəaliyyəti dünya iqtisadiyyatı üçün həyati əhəmiyyət daşıyır. Məlum olduğu kimi son illərdə dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr və siyasi gərginliklər ənənəvi nəqliyyat və logistika marşrutlarının pozulmasına səbəb olmuşdur. Bu cür vəziyyətlər isə qlobal ticarətə, iqtisadi əlaqələrə və tədarük zəncirlərinə ciddi mənfi təsir göstərir.
Nəqliyyat əlaqələrinin pozulması yalnız ayrı-ayrı ölkələrin deyil, bütövlükdə beynəlxalq iqtisadi sistemin fəaliyyətində ciddi çətinliklər yaradır. Cənab Prezident vurğulamışdır ki, müasir dünyada ölkələr arasında iqtisadi əməkdaşlığın və ticarət əlaqələrinin genişlənməsi nəqliyyat və logistika infrastrukturlarının inkişafını zəruri edir. Məhz bu səbəbdən Azərbaycan uzun illərdir ki, regionda nəqliyyat və tranzit imkanlarının genişləndirilməsinə böyük diqqət yetirir. Qeyd edək ki, ötən müddət ərzində Azərbaycan enerji sektorundan əldə etdiyi gəlirləri yalnız iqtisadi inkişaf üçün deyil, həm də strateji infrastruktur layihələrinin həyata keçirilməsinə yönəltmişdir.
Ölkə qazıntı yanacağı resurslarının satışından əldə etdiyi gəlirlər hesabına müasir nəqliyyat və logistika infrastrukturu yaradaraq regionda mühüm tranzit mərkəzinə çevrilmişdir. Bu siyasətin nəticəsi olaraq Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynamağa başlamışdır. Dövlət başçısının sözlərinə görə, bu gün Azərbaycan iki mühüm beynəlxalq nəqliyyat dəhlizi – Şərq-Qərb nəqliyyat dəhlizi və Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əvəzolunmaz tərəfdaş kimi çıxış edir.
Bu dəhlizlər Asiya ilə Avropanı, eləcə də şimal və cənub regionlarını birləşdirən mühüm logistika marşrutlarıdır. Qeyd edilən marşrutlar vasitəsilə yük və sərnişin daşımalarının daha sürətli və təhlükəsiz şəkildə həyata keçirilməsi mümkün olur.
Beləliklə, Azərbaycan coğrafi mövqeyindən səmərəli istifadə edərək beynəlxalq ticarət və tranzit daşımalarında strateji rol oynayır. Hazırda Azərbaycan yalnız mövcud nəqliyyat dəhlizlərinin iştirakçısı deyil, eyni zamanda onların inkişafına ciddi sərmayə qoyan və bu layihələrin həyata keçirilməsində fəal rol oynayan ölkələrdən biridir. Belə ki, Azərbaycan həm Orta Dəhliz, həm də Şimal-Qərb nəqliyyat dəhlizi üzrə aktiv şəkildə fəaliyyət göstərən və bu istiqamətlərdə investisiya yatıran yeganə ölkələrdən biridir. Bu gün qlobal miqyasda baş verən dəyişikliklər fonunda alternativ və təhlükəsiz nəqliyyat marşrutlarının mövcudluğu daha da böyük əhəmiyyət qazanır. Bu baxımdan Azərbaycan regionda etibarlı tranzit ölkə kimi öz rolunu getdikcə gücləndirir.
Səidə Rzayeva
Neftçala rayonu

