Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir

Azərbaycanın qida təhlükəsizliyi modeli Özbəkistanda tətbiq edilir

Azərbaycanın qida təhlükəsizliyi modeli əsasında Özbəkistan Respublikasında qida məhsullarına “tarladan süfrəyə” prinsipinə söykənən mərkəzləşdirilmiş qaydada nəzarətedici vahid orqan – Qida Təhlükəsizliyi Komitəsi yaradılıb.

Bu ilin 12 may tarixində fəaliyyətə başlayan yeni qurum Karantin və Bitki Mühafizəsi Agentliyi, Baytarlığın İnkişafı Komitəsi və Sanitar-Epidemioloji Xidmətin müvafiq struktur bölmələrinin bazasında formalaşdırılıb.

Yeni idarəetmə modeli çərçivəsində bir sıra qida məhsulları üzrə məcburi sertifikatlaşdırma tələbləri ləğv olunub. İdxal və ixrac prosedurlarında nəzarət müddətləri dəfələrlə azaldılıb. Bununla yanaşı, qida təhlükəsizliyi sahəsində beynəlxalq standartların tətbiqinin genişləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanın qida təhlükəsizliyi sahəsindəki təcrübəsindən yararlanmaq məqsədilə Özbəkistan nümayəndə heyəti AQTA-da görüşlər keçirib. Agentliyin fəaliyyət istiqamətləri ilə yaxından tanış olub. Eyni zamanda Agentliyin nümayəndə heyəti Özbəkistana işgüzar səfər edib. Özbəkistanda qida təhlükəsizliyi sahəsində vahid idarəetmə sisteminin formalaşdırılması məqsədilə bir sıra ölkələrin təcrübəsi öyrənilib. Azərbaycanın vahid qida təhlükəsizliyi modeli Özbəkistan üçün ən məqbul və effektiv variant hesab olunub.