“Azərenerji”, ADSEA və AAYDA barədə araşdırmalar başlanıldı

Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi “Azərenerji” ASC, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidməti və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi barədə araşdırmalara başlayıb.

İqtisadiyyat.az xəbər verir ki, agentliyin öz təşəbbüsü ilə başladılan araşdırmalar təbii inhisar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması halları ilə bağlıdır.

Araşdırmaların predmeti isə Rəqabət Məcəlləsinin 39.7-ci maddəsinin tələblərinə əsasən sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarının müəyyən edilmiş qaydada və vaxtda rəqabət orqanına təqdim edilməməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması hallarından ibarətdir.

Qeyd edək ki, təbii inhisar subyektləri sahibkarlıq fəaliyyətinin nəticələrinə dair maliyyə hesabatlarını rüb bitdikdən sonra növbəti ayın 20-dək müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada və qaydada rəqabət orqanına təqdim etməlidirlər.