“Azərişıq”da gəlir artsa da, mənfəət 46% azalıb
Azərbaycanda elektrik şəbəkəsinin operatoru “Azərişıq” ASC-nin gəlirləri illik müqayisədə 2025-ci ildə 14.5% artaraq 1 mlrd. 958.64 mln. manata yüksəlib.
Satışın maya dəyəri 17.9% artaraq 1 mlrd. 734.82 mln. manat təşkil etdiyindən ümumi mənfəət 6.4% azalaraq 223.81 mln. manata enib. Əməliyyat fəaliyyətindən əldə olunan gəlirlər isə 27.8% azalaraq 42.08 mln. manat olub.
Şirkətin xalis mənfəəti daha kəskin azalıb. Hesabat ilində “Azərişıq” 8.37 mln. manat xalis mənfəət əldə edib ki, bu da 2024-cü illə müqayisədə 46.2% azdır. İnzibati xərclər 14.6% artaraq 127.75 mln. manata yüksəlib, ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri isə 118.8% artaraq 6.55 mln. manat olub. Bununla yanaşı, sair xərclər 42.4% azalaraq 15.85 mln. manata enib, digər gəlirlər isə 52.4% artaraq 32.20 mln. manata çatıb.
2025-ci ilin sonuna “Azərişıq”ın cəmi aktivləri 6.6% artaraq 3 mlrd. 860.85 mln. manata yüksəlib. Uzunmüddətli aktivlər 10.2% artaraq 3 mlrd. 604.48 mln. manat təşkil edib, cari aktivlər isə 26.5% azalaraq 256.37 mln. manata düşüb. Pul vəsaitləri və onların ekvivalentləri 58.1% azalaraq 44.38 mln. manata enib.
Şirkətin kapitalı 7.1% artaraq 2,976.32 mln. manata çatıb. Yığılmış zərərlər 3.1% azalaraq 274.68 mln. manat olub. Öhdəliklər isə 5.1% artaraq 884.53 mln. manata yüksəlib. Bu artım əsasən uzunmüddətli kredit və borc öhdəliklərinin 333.5% artaraq 336.99 mln. manata çatması ilə bağlı olub. Bunun fonunda qısamüddətli kredit və borc öhdəlikləri 53.1% azalaraq 186.83 mln. manata enib. Əlavə ödənilmiş kapital isə 13.6% artaraq 1 mlrd. 572.3 mln. manat təşkil edib. (Banker)


