Bakı metrosu ilə ötən ay 14 milyondan çox sərnişin daşınıb

Bakı metrosu ilə ötən ay 14 milyondan çox sərnişin daşınıb

Bu ilin sentyabr ayında sərnişinlər metro ilə 14 milyondan çox səfər ediblər.

Bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, sentyabrın 23-dən müvəqqəti olaraq ödənişsiz xidmət göstərən "Xocəsən" və "Avtovağzal" stansiyalarından ay sonuna qədər ümumilikdə 120 336 sərnişin istifadə edib.

Ötən ay ayın lideri 1 474 403 sərnişinlə "28 May" stansiyası olub. 21 sentyabrda isə 638 613 nəfər olmaqla ayın ən çox sərnişini daşınıb.

"Formula 1"-in keçirildiyi günlərdə adi günlərlə müqayisədə "İçərişəhər"dən 12 min, "28 May"dan isə 13 min nəfərə yaxın daha çox sərnişin istifadə edib.

Həmçinin qeyd edilib ki, NFC və QR bilet vasitəsilə ümumilikdə 7 662 936 ödəniş həyata keçirilib. Bu göstərici ay ərzində metrodan ödənişli istifadə edən sərnişinlərin 54,42 %-ni təşkil edib və avqust ayı ilə müqayisədə 1 % artıb.

"Əlçatan metro" xidmətindən 112 sərnişin yararlanıb. Bu göstərici avqust ayı ilə müqayisədə 41,77 % artıb.