"Binance" kiberhücumdan yaranan maliyyə itkilərini öz üzərinə götürəcək

"Binance" 29 oktyabr insidentindən yaranan itkilərin istifadəçilərə təsir etməyəcəyini bildirib. Noyabrın 3-nə təsirlənmiş tokenlərin 98 faizi bərpa edilib.

"Binance" kiberhücumdan yaranan maliyyə itkilərini öz üzərinə götürəcək
Foto: Binance

"Binance" 29 oktyabrda baş vermiş təhlükəsizlik insidenti nəticəsində vəsait itkisi ilə bağlı maliyyə zərərini öz üzərinə götürəcəyini açıqlayıb. Bu barədə BusinessTime "Binance"a istinadən xəbər verir.

Şirkətin ilkin hesabatında bildirilir ki, itkilər istifadəçilərə təsir etməyəcək. "Binance" zərərin qarşılanması üçün tələb olunan məbləğin 100 faizindən çoxunu ehtiyatda saxladığını qeyd edib.

Noyabrın 3-nə olan məlumata əsasən, hadisədən təsirlənmiş tokenlərin 98 faizi bərpa edilib. Şirkət bu tokenlərin təminatını "Binance Proof of Reserves" səhifəsində yoxlamağın mümkün olduğunu bildirib.

Hesabata görə, kiberhücumda istifadə edilən və müəyyənləşdirilmiş giriş nöqtələri bağlanıb. Hücumdan təsirlənmiş sistemlər isə yenidən qurulub və ya dəyişdirilib. Şirkət cihazlara nəzarəti, eləcə də pul kisələrinin idarə olunması zamanı risklərin idarə edilməsi mexanizmlərini gücləndirib. Qeyri-adi fəaliyyətlərin aşkarlanmasında süni intellektdən istifadə imkanları da genişləndirilib.

"Binance" əlavə yoxlamalar üçün müstəqil kibertəhlükəsizlik şirkətlərini prosesə cəlb etdiyini açıqlayıb. Bəzi texniki məlumatlar onların gələcək hücumların planlaşdırılmasında istifadə edilməsinin qarşısını almaq məqsədilə məxfi saxlanılacaq. Şirkət yeni məlumatlar əldə olunduqca ictimaiyyətə açıqlama verəcəyini bildirib.