“Caspian Energy Club” Tbilisidə növbəti “CEO MeetUp” tədbirini keçirib

“Caspian Energy Club” Tbilisidə növbəti “CEO MeetUp” tədbirini keçirib

“Caspian Energy Club” Tbilisidə “Green Economy Transition” mövzusuna həsr olunmuş növbəti “CEO MeetUp” Tbilisi tədbirini təşkil edib.

Bunu “Caspian Energy Club International” idarəedici direktoru və “Caspian Energy Club Georgia”nın icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Günel Quliyeva bildirib.

Tədbirdə iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 70-ə yaxın şirkət, o cümlədən Gürcüstanın dövlət qurumlarının rəhbərləri, diplomatik korpusun nümayəndələri, “Caspian Energy Club”a üzv olan şirkətlərin top-menecerləri və nümayəndələri iştirak ediblər.

Tədbirə fəxri qonaq qismində Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Samir Abdurahimov, müşavir və Türkiyə səfirliyi rəhbərinin müavini Kazım Kartal, Gürcüstanın Ticarət və Sənaye Palatasının beynəlxalq əlaqələr və layihə menecmenti departamentinin direktoru Georgiy Vekua, Acarıstan Muxtar Respublikasının Ticarət və Sənaye Palatasının sədri Georgiy Romanadze, “Eugbc”nin Acarıstan regionu üzrə nümayəndəsi Tamaz Turmanidze, Gürcüstan-Türkiyə İşgüzar Şurasının rəhbəri Osman Çalışkan-Mjavanadze və “Azebi”nin sədri Nəriman Qurbanov qatılıblar.

Spiker qismində Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyinin sədr müavini Levan Darsalia, Gürcüstanın Enerji İnkişafı Fondunun layihələrin idarə edilməsi üzrə direktoru Nuqzar Xaindrava, “Achar Energy”nin baş direktoru Çağatay Ülker çıxış ediblər.

Görüş zamanı həm dövlət, həm də özəl şirkətlərin “yaşıl iqtisadiyyat”a keçidi, atmosferə atılan istixana qazlarının azaldılması, iqlim dəyişikliyinin sürəti və s. kimi məsələlər müzakirə olunub. Tədbirdə müzakirə edilən əsas mövzulardan biri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi olub. “CEO MeetUp Tbilisi”nin iştirakçıları bu tədbirə böyük maraq göstərərək, onun təkcə Azərbaycan üçün deyil, bütövlükdə region üçün əhəmiyyətini vurğulayıblar.

Müzakirə panellərinin moderatoru qismində “Caspian Energy Club International”ın idarəedici direktoru Günel Quliyeva və “Caspian Energy Club Türkiyə”nin sədri Süleyman Məcidli çıxış ediblər. Günel Quliyeva çıxışı zamanı Azərbaycanın Gürcüstandakı səfirliyinə, Gürcüstanın Azərbaycandakı səfirliyinə, Türkiyənin Gürcüstandakı səfirliyinə, Gürcüstanın İnnovasiyalar və Texnologiyalar Agentliyinə, Gürcüstanın Enerji İnkişafı Fonduna, eləcə də tədbirin keçirilməsində göstərdikləri dəstəyə görə bütün iştirakçılara minnətdarlığını bildirib.

“Gürcüstan şirkətlərini tədbirlərimizdə iştiraka fəal cəlb edən “Azebi”yə də öz təşəkkürümü bildirmək istərdim. Üzv şirkətlərimizin fəaliyyət göstərdiyi bütün ölkələrdə əməkdaşlıq etdiyimiz əvəzolunmaz tərəfdaşlarımız DEİK-ə xüsusi təşəkkür edirik. Qeyd edim ki, mayın 10-12-də Batumidə DEİK-in təşkilatçılığı ilə turizm məsələlərinə həsr olunacaq sərgi keçiriləcək və “Caspian Energy Club” bu sərginin tərəfdaşı olacaq. Sərgi çərçivəsində Gürcüstanın və regionun turizm potensialı, sektorun inkişaf perspektivləri və s. kimi bir sıra məsələlərin müzakirəsinə həsr ediləcək “CEO MeetUp” təşkil etməyi planlaşdırırıq. “Achar Energy” rəhbərliyinə də xüsusi təşəkkürümüzü bildiririk. Qeyd edim ki, “CEO MeetUp Tbilisi”də təkcə Azərbaycan və Gürcüstandan olan sahibkarlar deyil, həm də Gürcüstanın və Türkiyənin müxtəlif regionlarından olan şirkətlərin top-menecerləri və aparıcı mütəxəssisləri iştirak edirdilər. Biz bu cür tədbirlərin keçirilməsi tendensiyasını bundan sonra da dəstəkləmək niyyətindəyik. Xatırladım ki, ötən ilin fevral ayında “Caspian Energy Club Georgia”nın təşkilati dəstəyi ilə “Caspian Energy Investment” forum keçirilib ki, onun sessiyalarından biri də yaşıl enerjiyə keçid məsələlərinə həsr olunub. Fürsətdən istifadə edərək, dövlət qurumları və şirkətləri fevralın 29-da Bakıda keçiriləcək “Caspian Energy MeetUp”da iştirak etməyə dəvət edirəm”, - deyə Günel Quliyeva əlavə edib.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes - hökumət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-netvörkinq üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir. Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Türkiyə, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Çexiya, Almaniya, Polşa, Qırğızıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Estoniya, Finlandiya, Avstriya, BƏƏ-də rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır.