Çində dünyanın ilk sualtı Günəş elektrik stansiyası sınaqdan keçirilib
Çinli alimlər dünyada ilk dəfə olaraq açıq dənizdə — 10 metr dərinlikdə perovskit Günəş batareyalarına əsaslanan fotovoltaik sistemi uğurla sınaqdan keçiriblər. Yeni texnologiya suyun altına nüfuz edən məhdud Günəş işığı spektrindən maksimum səmərəli tərzdə istifadə etmək üçün xüsusi olaraq layihələndirilib.
Yunnan Universiteti tədqiqatçılarının rəhbərliyi ilə həyata keçirilən layihənin nəticələri nüfuzlu “Joule” jurnalında dərc olunub. Hazırlanmış batareyalar 5-10 metr dərinlikdə üstünlük təşkil edən 400-600 nanometr dalğa uzunluğuna malik mavi-yaşıl radiasiyaya uyğunlaşdırılıb. Çünki adətən ənənəvi panellərin istifadə etdiyi qırmızı işıq şüaları su qatı tərəfindən çox daha tez udulur.


