Dövlət Bayrağına ehtiram!
Dövlət Bayrağına münasibət hər bir insanın öz ölkəsinə, xalqına və dövlətinə bağlılığını müəyyən edən mühüm mənəvi göstəricilərdən biridir. Azərbaycan Respublikasının üçrəngli bayrağı milli tariximizin, dövlətçilik ənənələrimizin və müstəqillik ideallarımızın ayrılmaz hissəsidir.
Onun qorunması və uca tutulması yalnız dövlət qurumlarının deyil, bütün vətəndaşların üzərinə düşən ümumi məsuliyyətdir. Dövlət Bayrağı Gününün qeyd edilməsi cəmiyyətin diqqətini milli rəmzlərimizin tarixi və ideoloji mahiyyətinə yönəltmək baxımından mühüm əhəmiyyət daşıyır. 1918-ci il noyabrın 9-da qəbul edilmiş üçrəngli bayraq xalqımızın müstəqil dövlət qurmaq əzminin tarixi təcəssümüdür. Bu rəmzin 1990-cı ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvanda yenidən ucaldılması isə milli dövlətçilik ənənələrinə qayıdışın mühüm siyasi nümunəsidir. Dövlət rəmzlərinə hörmətin hüquqi əsaslarının müəyyənləşdirilməsi vətəndaş məsuliyyətinin formalaşdırılmasında mühüm rol oynayır. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsində dövlət rəmzlərinə hörmət etmək hər bir vətəndaşın vəzifəsi kimi təsbit olunmuşdur.
Dövlət Bayrağının istifadəsi qaydalarının qanunvericiliklə tənzimlənməsi də bu rəmzin nüfuzunun və toxunulmazlığının qorunmasına xidmət edir. Lakin bayrağa həqiqi ehtiram yalnız hüquqi tələblərin yerinə yetirilməsi ilə məhdudlaşmamalıdır. Bu ehtiram ilk növbədə vətənpərvərlik, dövlətə sədaqət və milli dəyərlərə bağlılıq kimi keyfiyyətlərdə öz əksini tapmalıdır. Məktəblərdə, ali təhsil müəssisələrində və ailələrdə Dövlət Bayrağının tarixi haqqında məlumatların geniş təbliğ edilməsi gənclərin milli şüurunun inkişafına müsbət təsir göstərir. Gənc nəsil bayrağın hansı tarixi mübarizənin nəticəsində bərpa edildiyini və onun hansı mənəvi dəyərləri ifadə etdiyini dərindən anlamalıdır. Dövlət Bayrağı Muzeyinin fəaliyyəti bu istiqamətdə maarifləndirmə işinin mühüm vasitələrindən biridir. Muzeydə nümayiş etdirilən tarixi eksponatlar və Zəfər qalereyası Azərbaycanın dövlətçilik salnaməsini, milli mübarizə tarixini və müasir inkişaf yolunu əyani şəkildə təqdim edir. Xüsusilə Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərdə bayrağımızın ucaldılmasını əks etdirən materiallar gənclərdə milli qürur və vətənə bağlılıq hisslərini gücləndirir.
Hər bir ailədə Dövlət Bayrağına sevgi və ehtiramın aşılanması milli dəyərlərin nəsildən-nəslə ötürülməsinə şərait yaradır. Xaricdə yaşayan soydaşlarımızın da üçrəngli bayrağımızı milli kimliklərinin və Azərbaycanla mənəvi bağlılıqlarının rəmzi kimi qoruması ümummilli həmrəyliyə xidmət edir. Dövlət Bayrağına ehtiram göstərmək əslində Azərbaycanın müstəqilliyinə, suverenliyinə və gələcək inkişafına sahib çıxmaq deməkdir. Buna görə də hər bir vətəndaş bayrağımızı yalnız bayram günlərində deyil, gündəlik həyatında da milli qürur və məsuliyyət mənbəyi kimi qəbul etməlidir.
Araz Əhmədov
Neftçala rayonu


