"Nvidia" rəhbəri ilə bağlı araşdırma başlayıb
"Nvidia"nın direktorlar şurası baş direktor Censen Huanqla bağlı müstəqil araşdırmaya başlayıb. Şirkət araşdırma dövründə onun vəzifəsində qalacağını bildirib.
"Nvidia"nın direktorlar şurası bazar günü baş direktor Censen Huanqla bağlı müstəqil araşdırmaya başladığını açıqlayıb və onun vəzifəsində qalacağını bildirib. Bu barədə BusinessTime "TechCrunch"a istinadən xəbər verir.
Araşdırma Huanqın əməkdaşlarına həyat yoldaşına sadiq olmadığını bildirməsindən sonra başlanıb. Söhbət onun "Megaspeed" şirkətinin rəhbərlərindən Alis Huanqla münasibətindən gedir. ABŞ rəsmiləri Alis Huanqın Çin üçün məlumat topladığını iddia edirlər. Çinin Vaşinqtondakı səfirliyinin sözçüsü bu iddiaları əsassız adlandırıb. Məsələ ilə bağlı heç kimə ittiham irəli sürülməyib.
"Nvidia"nın direktorlar şurası milli təhlükəsizlik və ya şirkət sirlərinin pozulduğuna dair əlamət görmədiyini açıqlayıb. Yel Universitetinin İdarəetmə Məktəbinin professoru Cefri Sonnenfeld isə "TechCrunch"a Huanqın vəzifəsində qalmaq ehtimalını təxminən 50 faiz qiymətləndirdiyini bildirib.
"The New York Times"ın 2025-ci ilin oktyabrında yazdığına görə, Sinqapurun bulud xidmətləri şirkəti "Megaspeed" təxminən 2 milyard ABŞ dolları dəyərində "Nvidia" çipi alıb. Nəşr bunun çiplərin Çinə ötürülməsi və ya çinli müştərilərə uzaqdan icarəyə verilməsi yolu ilə ABŞ-ın ixrac məhdudiyyətlərindən yayınmağa kömək edib-etmədiyi barədə suallar doğurduğunu qeyd edib. "Nvidia" nümayəndəsi isə həmin iddiaların araşdırılaraq təkzib edildiyini bildirib.
"Nvidia" yeni maliyyə nəticələrini noyabrın 17-də açıqlamağı planlaşdırır. Noyabrın 18-də isə ABŞ Nümayəndələr Palatasının üç komitə sədri Huanqdan qapalı brifinq istəyib.


