"E-müqavilə" altsistemində imzalanmaların ümumi dəyəri 3 milyard manatı ötüb

"E-müqavilə" altsistemində imzalanmaların ümumi dəyəri

Bu ilin yanvar-sentyabr aylarında "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin (RDMİS) "e-müqavilə" altsistemində 7 386 satınalma müqaviləsi gücləndirilmiş elektron imza ilə imzalanıb, müqavilələrin ümumi məbləği 3 milyard manatı ötüb.

BusinessTime bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, imzalanmış müqavilələrin ümumi məbləğinin 51,2 %-i işlərin, 34,2 %-i malların, 14,6 %-i isə xidmətlərin satınalınmasının payına düşüb. Ötən müddətdə "e-müqavilə" altsistemindən istifadə miqyası da genişlənib. Hazırda sistemdən 1 288 satınalan təşkilat və 2 609 təchizatçı istifadə edir.

"e-müqavilə" altsistemi "Dövlət satınalmaları haqqında" qanuna uyğun olaraq, satınalma müqavilələrinin elektron formada hazırlanmasını, razılaşdırılmasını və imzalanmasını, bu müqavilələrin sistem üzərindən göndərilməsini və proseslərin vahid platformada izlənilməsini təmin edir.

Hazırda "e-müqavilə" altsistemində elektron müqavilələrin imzalanmasından sonrakı mərhələlərin də rəqəmsallaşdırılması istiqamətində işlər davam etdirilir. Bu çərçivədə müqavilə üzrə malın, işin və yaxud xidmətin faktiki təhvil verilməsini və qəbul edilməsini təsdiq edən elektron təhvil-təslim aktının RDMİS üzərindən formalaşdırılması, tərəflər arasında elektron qaydada razılaşdırılması və təsdiqlənməsi imkanları yaradılıb. Yeni funksionallıq müqavilənin icra mərhələsinin də vahid rəqəmsal mühitdə izlənilməsinə, sənəd dövriyyəsinin azaldılmasına və icra prosesinə dair məlumatların sistemli şəkildə formalaşdırılmasına imkan verir.

"e-müqavilə" ölkə Prezidentinin 26 yanvar 2026-cı il tarixli fərmanı ilə Əsasnaməsi təsdiq edilmiş "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin altsistemi kimi fəaliyyət göstərir. Bu altsistem bu il aprelin 10-dan istifadəyə verilib və mərhələli şəkildə altsistemin funksional imkanlarının genişləndirilməsi, satınalma müqavilələrinin icra proseslərinin daha geniş şəkildə elektronlaşdırılması və istifadəçilər üçün yeni rəqəmsal xidmətlərin tətbiqi istiqamətində işlər davam etdirilir.