Epoint nizamnamə kapitalını 1,275,191.16 manata çatdırıb

Epoint nizamnamə kapitalını 1,275,191.16 manata çatdırıb

Epoint fintex platformasını inkişaf etdirən Global Innovations şirkəti nizamnamə kapitalının 1,275,191.16 manata çatdırıldığını elan edir. Şirkətin məcmu kapitalı isə 1,355,668.00 manat təşkil edir.

Nizamnamə kapitalının artırılması Epoint-in inkişafında mühüm mərhələ olmaqla yanaşı, şirkətin dayanıqlı maliyyə modelini, biznes müştəriləri qarşısında öhdəliklərinə məsuliyyətli yanaşmasını və fəaliyyətini daha da genişləndirməyə hazır olduğunu nümayiş etdirir.

Kapitalın daha yüksək səviyyəyə çatdırılması şirkətin maliyyə dayanıqlığını gücləndirir, əməliyyat və maliyyə risklərini effektiv şəkildə idarə etmək imkanlarını artırır, həmçinin ödəniş infrastrukturunun etibarlılığı və təhlükəsizliyi üçün əlavə təminat yaradır. Epoint-in biznes müştəriləri üçün bu addım şirkətin sabitliyinin, platforma vasitəsilə həyata keçirilən əməliyyatların etibarlılığının və pul vəsaitlərinin qanunvericiliyə və maliyyə tənzimləyicilərinin tələblərinə uyğun şəkildə qorunmasının mühüm göstəricisidir.

Epoint sahibkarlara və şirkətlərə ödənişlərin qəbulu və idarə edilməsi, elektron ticarətin inkişafı və satış proseslərinin rəqəmsallaşdırılması üzrə kompleks həllər təqdim edən fintex startapıdır. Şirkət Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərir və maliyyə dayanıqlığı, risklərin idarə edilməsi, informasiya təhlükəsizliyi və müştərilərin maraqlarının qorunması ilə bağlı tənzimləyici tələblərə riayət edir.

“Nizamnamə kapitalının artırılması yalnız maliyyə göstəricisi deyil, eyni zamanda Epoint-in biznes və fintex bazarı qarşısında uzunmüddətli öhdəliklərinin təsdiqidir. Müştərilərimizin Epoint-i ödəniş əməliyyatlarının yüksək səviyyədə təhlükəsizliyini və onların pul vəsaitlərinin qorunmasını təmin edən sabit və etibarlı texnoloji tərəfdaş kimi qəbul etməsi bizim üçün xüsusi əhəmiyyət daşıyır. Biz texnologiyaların, infrastrukturun, risklərin idarə edilməsi sistemlərinin və biznes üçün yeni rəqəmsal məhsulların inkişafına investisiya yatırmağa davam edəcəyik”, — deyə Epoint şirkətinin baş icraçı direktoru (CEO) Zeynal Kərimzadə bildirib.

Şirkət, həmçinin Gürcüstandakı törəmə şirkəti vasitəsilə beynəlxalq fəaliyyətini inkişaf etdirir. Epoint-in Gürcüstandakı şirkəti Gürcüstan Milli Bankı tərəfindən verilmiş lisenziya əsasında və yerli qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərir.

Azərbaycan və Gürcüstanın tənzimlənən maliyyə bazarlarında fəaliyyət göstərməsi Epoint-in regional miqyasını və seçilmiş inkişaf strategiyasının ardıcıllığını nümayiş etdirir. Şirkət müasir fintex infrastrukturunu inkişaf etdirməyə, biznesin rəqəmsal maliyyə alətlərinə çıxış imkanlarını genişləndirməyə, elektron ticarətin və nağdsız ödənişlərin inkişafına töhfə verən həlləri tətbiq etməyə davam edir.

Nizamnamə və məcmu kapitalın artırılması Epoint-in maliyyə bazarındakı mövqeyini möhkəmləndirir, biznes müştəriləri və tərəfdaşlar arasında etimadı yüksəldir, həmçinin şirkətin Azərbaycanda və ölkə hüdudlarından kənarda gələcək inkişafı üçün güclü maliyyə bazası yaradır.

Epoint haqqında

Epoint — Global Innovations şirkəti tərəfindən inkişaf etdirilən fintex platformasıdır. Platforma bizneslərə onlayn və oflayn ödənişlərin qəbulu, elektron ticarət, satışların idarə edilməsi və biznes proseslərinin rəqəmsallaşdırılması üçün kompleks alətlər təqdim edir. Şirkət Azərbaycan və Gürcüstanda müvafiq ölkələrin lisenziya və tənzimləyici tələblərinə uyğun fəaliyyət göstərir.