Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

Ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunmalıdır

Əhalinin sağlamlığının qorunması, təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ərzaq bazarlarında qida təhlükəsizliyi tələblərinə ciddi əməl olunması xüsusi əhəmiyyət daşıyır. Müəyyən edilmiş qaydalara əsasən, bazarlarda satılan qida məhsulları müvafiq sənədlərlə müşayiət olunmalı, gigiyenik şəraitdə saxlanmalı və istehlakçılara təhlükəsiz halda təqdim edilməlidir. Xüsusilə ət, süd, yumurta kimi heyvan mənşəli məhsullar baytarlıq-sanitariya sənədləri ilə müşayiət olunmalı, məhsulların üzərində etiketləmə aparılmalı və istehsalçı haqqında məlumat göstərilməlidir.

Qida məhsullarının saxlanma şəraitinə də xüsusi diqqət yetirilməlidir. Tez xarab olan məhsullar, o cümlədən ət və süd məhsulları uyğun temperatur rejimində, soyuducu avadanlıqlarda saxlanmalıdır. Çiy və hazır məhsulların ayrı saxlanılması təmin edilməli, məhsulların çirklənmədən qarşısı alınmalıdır.

Satış yerlərində sanitariya və gigiyena qaydalarına riayət olunması da mühüm şərtlərdəndir. Satıcılar təmiz iş geyimindən (əlcək, xalat, baş örtüyü) istifadə etməli, satış sahələri müntəzəm təmizlənməli və dezinfeksiya edilməlidir. Həmçinin tullantıların yığılması üçün qapalı konteynerlərin olması vacibdir. Eyni zamanda qida məhsullarının satışı ilə məşğul olan şəxslərin sağlamlıq vəziyyəti də nəzarətdə saxlanılmalıdır. Satıcılar tibbi müayinədən keçməli və sağlamlıq haqqında arayışa malik olmalıdır.

Bazarlarda mövcud vəziyyətə görə məsuliyyəti birbaşa bazar rəhbərliyi daşıyır. Bazar rəhbəri alıcıya məhsulu tam təhlükəsiz şəkildə təqdim etmək üçün müvafiq şərait yaratmalıdır. Qida Təhlükəsizliyi Agentliyi bazar rəhbərlərini məsuliyyətə dəvət edərək bildirir ki, ərzaq bazarlarında yenidənqurma işləri görülməli, satış obyektləri gigiyenik qaydalara tam uyğunlaşdırılmalı, tullantılar vaxtında təmizlənməli, məhsulların düzgün şəraitdə saxlanması və satışı təmin olunmalıdır. Aparılan yoxlamalar zamanı nöqsanlar aşkar edildiyi halda qanunvericiliyə uyğun tədbirlər görüləcəkdir.