“Google” süni intellektə ağıllı evləri idarə etmək imkanı verdi
“Google” süni intellekt agentlərinin ağıllı ev cihazlarına qoşularaq onları idarə etməsinə imkan verən yeni sistemini istifadəyə verib.
Valyuta.az xəbər verir ki, şirkətin hazırladığı Model Context Protocol (MCP) serveri vasitəsilə süni intellekt agentləri “Google Home” ekosisteminə təhlükəsiz şəkildə qoşula biləcək.
Sistem yalnız işıqları yandırıb-söndürməklə kifayətlənmir. Süni intellekt ev kameralarının qeydlərini təhlil edərək xülasə hazırlaya, paltaryuyan maşının neçə dəfə işlədiyini və işıqların nə qədər açıq qaldığını müəyyən edə bilir. Ağıllı termostatlar, qapı zəngləri və digər cihazlar da sistemə qoşula bilir.
Təhlükəsizlik məqsədilə qapı kilidinin açılması kimi həssas əməliyyatlara məhdudiyyət qoyulub.
Yeni imkan ilkin mərhələdə aylıq 20 dollarlıq yüksək səviyyəli ağıllı ev abunə planının istifadəçiləri üçün təqdim olunur. İstifadəçilər süni intellekt agentlərinə verdikləri giriş icazəsini istənilən vaxt ləğv edə bilərlər.


