İlk görüşdən sonra mesaj yazmaq üçün ən optimal vaxt açıqlanıb
İlk görüşün ertəsi səhəri mesaj yazmaq ünsiyyəti davam etdirmək üçün ən optimal strategiyadır.
Oxu.Az xəbər verir ki, bu barədə aparılan elmi tədqiqatın nəticələri "Journal of Social and Personal Relationships" (JSPR) jurnalında dərc olunub.
Mütəxəssislər bildirirlər ki, ilk görüş rəğbətin yaranmasında və potensial tərəfdaşın qiymətləndirilməsində həlledici rol oynayır. Lakin görüşdən sonra əlaqə saxlamaq üçün ən yaxşı vaxtın nə zaman olduğu sualı həmişə aktual olub. Məsələn, populyar mədəniyyətdə həddindən artıq maraqlı görünməmək üçün bir neçə gün gözləməyi tələb edən "üç gün qaydası" kimi bir anlayış mövcuddur.
Lars Tayxmanın rəhbərlik etdiyi komanda ABŞ və Böyük Britaniyadan olan 500-dən çox insanın iştirakı ilə bu qaydanı elmi cəhətdən yoxlamaq üçün eksperiment keçirib. İştirakçılara potensial tərəfdaşın ya dərhal, ya ertəsi səhər, ya da iki gün sonra mesaj göndərdiyi müxtəlif ssenarilər təqdim edilib.
Tədqiqatın nəticələri göstərib ki, münasibətləri davam etdirməyə ən böyük maraq məhz ertəsi səhər yazılan mesaj zamanı yaranır. Digər variantların təsiri isə belə olub:
Dərhal yazmaq: Bir qədər mənfi qarşılanıb (hədsiz təzyiq kimi qəbul edilə bilər);
İki gün gözləmək: Ünsiyyəti davam etdirmək istəyini əhəmiyyətli dərəcədə azaldıb.
Analizlər sübut edib ki, sürətli əlaqə (ertəsi səhər) qarşı tərəfə maraq və etibarlılıq siqnalı verir. Ləngimə isə tərəfdaşda laqeydlik təəssüratı yaradır.
Araşdırma maraqlı bir faktı da üzə çıxarıb: "əlçatmaz görünmək" üçün qəsdən gözləmək strategiyası özünü doğrultmayıb. Uzun müddət mesaj yazmamaq insanın qarşı tərəfin gözündəki "dəyərini" artırmayıb və onun haqqında daha çox düşünməyə vadar etməyib.
Tədqiqat müəllifləri vurğulayıblar ki, bu nəticələr hipotetik ssenarilərə əsaslanır. Real həyatda mesajın məzmunu, ünsiyyət tərzi və mədəni kontekst də mühüm əhəmiyyət kəsb edir.

