“Kapital Bank”da PROBLEMLİ KREDİTLƏR ARTIR – 216 milyon manatı keçdi

“Kapital Bank”da PROBLEMLİ KREDİTLƏR ARTIR

“Kapital Bank” ASC-nin 30 gündən artıq gecikmiş kreditlərinin məbləği 2026-cı ilin ilk 9 ayında 36,9% və ya 58,3 milyon manat artaraq 216,5 milyon manata çatıb.

BusinessTime bu barədə banka istinadən xəbər verir. 

2025-ci ilin sonunda bankın gecikmiş kreditləri 158,2 milyon manat təşkil edib.

Hesabat dövründə bankın ümumi kredit portfeli 17,9% və ya 971,3 milyon manat artaraq 6 milyard 391,3 milyon manata yüksəlib. Ötən ilin sonunda bu göstərici 5 milyard 420 milyon manat olub.

Nəticədə gecikmiş kreditlərin ümumi portfeldə xüsusi çəkisi 2,92%-dən 3,39%-ə yüksəlib ki, bu da 0,47 faiz bəndi artım deməkdir.

Kredit növləri üzrə bölgüyə əsasən, istehlak kreditlərində gecikmiş borclar 2025-ci ilin sonundakı 108,5 milyon manatdan 143,7 milyon manata yüksəlib. Beləliklə, bu kateqoriyada 35,2 milyon manat və ya 32,4% artım qeydə alınıb.

Biznes kreditləri üzrə gecikmiş borclar 42,1 milyon manatdan 56,5 milyon manata çatıb. Bu isə 14,3 milyon manat və ya 34% artım deməkdir.

Daşınmaz əmlak kreditlərində isə müvafiq göstərici 7,6 milyon manatdan 16,4 milyon manata yüksəlib. Nəticədə bu istiqamətdə gecikmiş borclar 8,8 milyon manat və ya təxminən 2,2 dəfə artıb.

Bununla yanaşı, bankın 1–30 gün gecikmiş kreditləri 2025-ci ilin sonundakı 226,7 milyon manatdan 514 milyon manata çatıb. Beləliklə, bu kateqoriyada 287,2 milyon manat və ya 126,7% artım qeydə alınıb.

Ümumilikdə, bankın kredit portfelinin böyüməsi fonunda gecikmiş borcların həm məbləği, həm də portfeldə xüsusi çəkisi artıb. Xatırladaq ki, "Kapital Bank" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 265,85 milyon manatdır. Bankın əsas səhmdarı "Bir Ekosistem" MMC-dir.

Plat.az